Avstriyada ölkə tarixində ilk dəfə olaraq qadın kansler təyin edilib.
“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, prezident Aleksandr Van Der Bellen parlament seçkilərinədək kansler səlahiyyətlərinin icrasını Konstitusiya Məhkəməsinin sədri Briqitte Birlyayna həvalə edib. Birlyayn kansler kimi artıq ilk vəzifə təyinatlarını da edib. Belə ki, o, vitse-kansler və ədliyyə naziri postuna Klemenes Yabloneri, Xarici İşlər naziri vəzifəsinə isə Aleksander Şalenberqi təyin edib.
Xatırladaq ki, keçmiş vitse-kansler Haynts-Kristian Ştraxenin İbizada ölkədəki seçkilərə rus milyonçularının müdaxiləsini müzakirə etdiyi qalmaqallı videosu yayıldıqdan sonra Avstriya parlamenti Kurts hökumətinə qarşı etimadsızlıq göstərmiş və onu istefaya göndərmişdi.
Prezident mayın 28-də parlamentin qərarından sonra kansler vəzifəsinə müvəqqəti olaraq vitse-kansler Hartviq Lyöqeri təyin etmişdi.
Son xəbərlər
Son Xəbərlər