Əlil arabasından istifadə etdiyim üçün 6 ildir avtobusa minə bilmirdim. Keçən ilin son aylarında Kiyevdə, nəhayət, avtobusa mindim... Yoxsa avtobusa həsrət qalacaqdım. Bu il isə hökumət xaricdən avtobuslar gətirtdi. Bu avtobusların fərqli cəhətlərindən biri də əlil arabası istifadəçiləri üçün xüsusi pandusunun olmasıdır, bu fiziki imkanları məhdud olan insanlara, eləcə də, uşaq arabası ilə olan gənc analara rahat minib-düşmək üçün imkan yaradır. Amma bir neçə əmma var!
Bu avtobusların həm sayı məhduddur həm də yalnız şəhərin mərkəzi küçələri üçün istismara veriləcək. Yenə də mərkəzdən kənarda yaşayanlar düşünülməyib. Hələ bir çoxu deyir ki, sürücülər həmin pandusu lazımsız əşya kimi açıb tullayacaqlar. Üstəlik, səkilər standartlara uyğun deyil. Avtobuslar dayanacaqda saxlayanda pandus həmin səkilərdən çox hündürdə olacaq. Görək nə olur?!
Azərbaycanda 500 mindən çox əlilliyi olan var. Bu insanların rifahını yüksəltmək kosmosa peyk göndərən hökümət üçün heç də çətin deyil. Küçələr də əlil arabasının hərəkətinə yararlı deyil. Bu arabalarla nə səkilərdən küçəyə keçmək, nə yeraltı keçidlərdən istifadə etmək mümkündür. Mağazaların və ictimai iaşə obyektlərinin girişləri də küçədən bir-iki pillə yüksək olduğundan əlillər belə obyektlərə girə bilmirlər.
2002-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) tərəfindən “Bina və qurğuların layihələndirilməsində əlillər üçün zəruri olan fəaliyyət şəraitinin yaradılması üzrə müvəqqəti təlimat” qəbul edilib. Təlimat yeni binaların layihələndirilməsi zamanı əlil arabalarının hərəkəti məsələsinə xüsusi diqqət yetirilməli, liftlərin, dəhlizlərin, tualetlərin ölçüləri əlil arabalarının hərəkəti üçün yararlı olmalıdır.
Əsas problemlərdən biri də ondan ibarətdir ki, yeni inşa olunan və təmir edilən keçidlərdə, səkilərdə əlil arabaları üçün yerlər bərbad vəziyyətdədir. Bu yerlər əlillərin rahatlığına şərait yaratmaq əvəzinə onlara əməlli-başlı təhlükə yaradır. Bunların düzəldilməsi üçün gərək yeni təmir olunan və tikilən körpülər sökülsün.
Problemlərdən biri də özəl obyektlərin tikilməsi zamanı əlillərin nəzərə alınmamasıdır. Nə avtobuslardan istifadə edə bilirik, nə də metrodan. Nə yaxşı ölkəmiz “Eurovision”-a ev sahibliyi etdi və ölkəmizə gələn turistlərin istifadəsi üçün el arasında “badımcan taksi” deyilən London taksilərini Bakıya gətirdilər. Onun əsas özəlliyi pandusunun olmasıdır. Xatırladım ki, gətirilən yeni avtobuslar da 2015-ci il yay olimpiya oyunlarında iştirak edən turistlər üçün gətirilib.
Son vaxtlar bir çox maraqlı tədbirlərə dəvət alıram. Amma taksi ilə hara isə bir səfərimin ən azı 20-25 manata başa gəldiyini xatırladıqca həvəsim tamam ölür. Evdə oturmaqdan bezmişəm. İnsanlarla ünsiyyətdə olmaq, yeni hadisələrə şahid olmaq istəyirəm. Niyə nəqliyyatdakı və şəhərdəki maneələrə görə yaşam tərzim məhdudlaşmalıdır? Buna səbəb olanları şiddətlə QINAYIRAM!
Bu, təkcə mənim yox, əlil arabasından istifadə edən 7 mindən çox Azərbaycan vətəndaşının hayqırışıdır. Almaniya kansleri Angela Merkel keçən il Beynəlxalq Əlillər Günündə çıxışı zamanı deyirdi: “Ölkəmizin, cəmiyyətimizin inkişaf göstəricisi əlil vətəndaşlarımıza olan qayğı ilə bağlıdır. Biz həm əlillərimizə pensiya verir həm də onlardan yaxşı mənada istifadə edirik. Yəni əlilləri işlə təmin edib, onların əmək qabiliyyətindən faydalanırıq.”
Almaniyanın maliyyə naziri Volfanq Şaulbe əlil arabasından istifadə edir. Almaniya kimi Avropanın bir çox ölkələrində olsanız, elə biləcəksiniz ki, burda gəzən adam qədər əlil arabası istifadəçisi var. İnandırım sizi ki, Azərbaycanda normal nəqliyyat olsa, əlilləri küçəyə çıxmağa həsrət qoyan, ona kompleks püskürən cəmiyyət olmasa, bizdə də Avropadakı qədər küçələrdə əlil arabası istifadəçisi görmək olar.
Bir çox məmurumuz var ki, onların doğma övladları, yaxın qohumları əlil arabası istifadəçisidir. Məhz həmin məmurların əlində imkan var ki, onlar nəqliyyatda və bir çox tikinti-sosial obyektlərində əlil arabası istifadəçiləri üçün yaxşı şərait yarada bilsinlər. Amma etmirlər. Səbəbi isə bilmirik. Axı bu elə də çətin deyil.