Avtobuslarda gediş 20 qəpikdən də az olmalıdır - - Araşdırma

avtobuslarda-gedis-20-qepikden-de-az-olmalidir-
Oxunma sayı: 2040

 

Bir sözlə hər kəs qaz vurub qazan doldurmaq istəyinə düşüb. Bu, qaz vurub qazan doldurma oyununda isə əziyyət çəkən, məşəqqətlərə düçar olansa ancaq və ancaq kasıb zümrənin nümayəndədələridir. Ölkəmizdə yağışdan sonra artan göbələlklər kimi artmaqda olan balaca padşahların hamısı (bura bəzi üzdəniraq sahibkarlar da daxildir) əyri yollarla xalqdan və dövlətdən oğurlayıb yığdıqları milyonlarını indi də "cib soyma" siyasətini davam etdirməklə milyardlara çevirmək istəyirlər. 

Maraqlıdır ki, hansı məmur hansı sahəyə rəhbərlik edirsə, dil boğaza qoymadan ağız dolusu elə həmin sahədə qiymətlərin artmasının vacibliyindən danışır. Son vaxtlar özləri, balaları və hətta uzaq qohum-əqrabaları komfort minik avtomobillərdən istifadə edən çinli məmurların ağzından şəhərdaxili nəqliyyatda da qiymətlərin artırılmasına ehtiyacın olması haqda söhbətlər eşidirik. Guya ki, Bakı şəhəri üzrə müxtəlif istiqamətlərdə hərəkət edən avtobus xətlərinin sahibləri, lap elə məmurların öz dilləri ilə desək sahibkarlar (bizim ölkəmizdə əkib biçməyən və heç nə istehal etməyən bu tiplərə də sahibkarlar deyirlər) gediş haqqının artırılmasını istəyirlər. Sahibkarların bununla nə istədiklərini öyrənmək məqsədi ilə Bakı şəhərində müxtəlif istiqamətlərdə hərəkət edən bir neçə avtobus marşurutlarının gündəlik qazancalarını və həmin sahibkarlara plan adı altında hər gün nə qədər pul verdiklərini araşdırmaq məqsədi ilə bir balaca kəşfiyyat xarakterli manevr etmək qərarına gəldik. Eşidib bildiklərimizdən belə nəticəyə gəldik ki, bu gün Bakı şəhəri üzrə sərnişindaşıma nəqliyyatında qiytmətləri qaldırmaq yox, əksinə endirmək lazımdır. Bu yazını oxuyan hər kəs bunu anlayacaq. Sərnişin daşımayla bağlı indi təqdim edəcəyimiz məlumat təbii ki, bir jurnalist araşdırmasıdır. Burada hansısa bir yanlışlıq da ola bilər. Yaxşı olardı ki, belə bir araşdırmanı müvafiq ekspertlər aparsınlar və öz rəylərini bildirsinlər. 

Biz müəyyən vaxt itirməklə Bakı şəhərində müxtəlif istiqamətlərdə hərəkət edən 3, 5, 25, 86 və 88 nömrəli avtobusların gündəlik prisipiylə (əldə edib payladığı pullar haqda) tanış olmağa çalışdıq.  Bəlli oldu ki, 3 nömrəli avtobusun marşurutu üzrə gündə 10 avtobus işə çıxır. Onlar gün ərzində daşıdıqları sərnişinlərdən qazandıqları pullardan (yüngül xərclərdən sonra) 60 manat yanacağa, daha sonra 120 manat isə plan adı ilə həmin "sahibkar" adlandırılan şəxsə verir. Baxın, "sahibkar" bir gündə 10 maşından üst-üstə 1.200 (bir min iki yüz) manat qazanc əldə edir. Bu isə ən "bərkgedən” qəzetin 3-4 əməkdaşının bir aylıq əmək haqqı qədərdi. Bir ayda bu məbləğ üst-üstə 36.000 (otuz altı min), bir ildə isə 432.000 (dörd yüz otuz iki min) manat olur. 

88 nömrəli avtobusa gəlincə, burada vəziyyət başqa həngamədir. Bu marşurut üzrə gündə 28 avtobus xəttə çıxır. Başqa nömrələr olmasına baxmayaraq müəyyən məsafədə eyni xətt üzrə hərəkət edən digər avtobuslarla sanki avtomobil yarışına çıxan sürücülərin gündəlik qazancının 60 manatı yanacağa, 30 manatı əlvə xərclərə (yemək və yolda duranlara), 150 manatı isə "sahibkara" verilir. Bəzən özlərinə də dedikləri kimi bir az "qəpik-quruş" (50-100 manat) qalır. Baxın 28 avtobusun "sahibkar" üçün gündəlik qazancı (28X150) 4200 (dörd min iki yüz) manat, aylıq qazancı 126000 (yüz iyirmi altı min) manat, illik qazancı isə 1.512.000 (bir milyon beş yüz on iki min) manat olur. 

Bu cür araşdırmalıran sayını artırmaq da olar. Özünüz baxın, 5 nömrəli avtobusda 15 avtobus hərəsi gündə 130 manat, 86 nömrəli marşurutda 15 avtobus gündə 120 manat "sahibkar"a plan verir. "Sahibkara" gündəlik plan olaraq hərəsi 160 manat pul verən 6 nömrəli marşurutda isə gündə 22 avtobus xəttə çıxır. 

Hamının "beş mərtəbə" kimi tanıdığı yerdən Qaraçuxur qəsəbəsinə gedən 25 nömrəli marşurut üzrə isə planı 100 manat olmaqla 25-dən çox avtobus işə çıxır. İndi belə bir sual ortaya çıxır. Gediş haqqı 20 qəpik olduğu zaman bu qədər qazanc əldə edən "sahibkarlar" bundan artıq nə istəyirlər? 

Yeri gəlmişkən, bir məqamı da qeyd etmək istəyirəm. Bəzi xətlər üzrə işə çıxan avtobus sürücüləri isə "sahibkar"ına arxayın olaraq necə deyərlər, özünü lap Həsən ağanın qohumu kimi apararaq heç kəsdən qorxmadan və çəkinmədən avtobusunu necə gəldi idarə edir, yol hərəkəti qaydalarını da pozur. Onların hətta elə sükan arxasındaca DYP-nin əməkdaşlarının gözləri qabağında gah özlərindən əvvəl gedən, gah da arxalarınca gələn həmkarları, eləcə də dispetçerləri ilə rahatca və uzun-uzadı danışdıqlarını yəqin ki, görməyən sərnişin az tapılar. Di gəl ki, "həsənağalarının" qorxusundan DYP əməkdaşları da hər şeyə göz yumur. 

Belə də isə qonşu və qardaş ölkə olan, "Biz bir millət, iki dövlətik" dediyimiz Türkiyədə son vaxtlar baş verən olaylar, əsasən də bu ölkənin Daxili İşlər Haziri Muammer Gülərin oğlu Barış Gülərin məhz polis işçiləri tərəfindən saxlanılaraq həbs edilməsi yadıma düşdü. Bizdə necə, "Həsən ağanın" qohumlarını cəzalandırmaq olarmı, yoxsa onlar hələ çoxmu at oynadacaqlar? 

İntiqam Məmmədov