Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda adam öldürməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə şahidlər ifadə verib.
Həmin klubda xadimə işləyən Şəlalə Mirzəyeva deyib ki, hadisə zamanı mətbəxdə olub: "Hay-küy düşdüyünü eşitdim. Sonra işıqlar söndü, müştərilər də çıxıb getdi. Dedilər Vüsal adam vurub. Amma mən hadisəni görmədim, kimdəsə silah görməmişəm. Yerdə qan var idi, ora yığılan adamlardan kimsə dedi ki, qanı yumaq lazımdır. Mən də yudum, bilsəydim qadağandır yumazdım".
Şahid qismində klubun digər mühafizəçisi Ziyad Hüseynli ifadə verərək deyib ki, hadisə zamanı klubun çölündə dayanıb: "Mən çöldə dayanmışdım, Vüsal da çölə çıxıb bizə dedi ki, adam vurmuşam. İnanmadım, dedi söyüş söydü, ona görə vurdum. İçəri girəndə gördüm kimsə yerə yıxılıb, adamlar da başına yığışıb. Müdirə zəng edib xəbər verdim. Nurlan içkili idi, amma Vüsal içmirdi, içmək qadağan idi".
Təqsirləndirilən V.İbrahimli deyib ki, N.Atakişiyevi öldürmək niyəti olmayıb: "Söyüş söyüb üstümə cumdu. Əlində beşbarmaq var idi. Məndən böyük idi, gördüm gücüm çatmayacaq. Özümü qorumaq üçün vurdum".
Qətlə yetirilən Nurlan Atakişiyevin atası Azər Atakişiyev deyib ki, oğlu bıçaqlanandan sonra ona zəng edib: "Dedi ki, ata bıçaqlanmışam, amma ciddi şey deyil. Sonra da əmisinə, bibisinə zəng edib. Vüsalın atası xəstəxanaya 2 dəfə gəlib 200 manat pul verdi. Meyitin aparılması üçün 1200 manat verdilər, yasa da 300 manat yazdırdılar".
Məhkəmə prosesi iyunun 21-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə Nizami rayonu, "Neftçilər" metro stansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü Vüsal İbrahimov işlədiyi barda mübahisə etdiyi müştəri Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb. Su-tikinti xəstəxanasına aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.
Dava klubda olan yüngül həyat tərzi keçirən qızlara görə və N.Atakişiyevin oğru aləminə aid mahnı sifariş verməsinə görə başlayıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər