AVVA-dakı yanğının sığortası ilə bağlı növbəti açıqlama

avva-daki-yanginin-sigortasi-ile-bagli-novbeti-aciqlama
Oxunma sayı: 1232

“PAŞA Sığorta” şirkəti ötən il sentyabrın 22-də “AVVA” mağazasında baş verən yanğına görə dəyən zərərin ödənilməməsi ilə bağlı sahibkarın şikayəti haqda yeni açıqlama verib.

“PAŞA Sığorta”dan “Qafqazinfo”ya verilən məlumatda qeyd edilib ki, sığortalı Əsgərov Mahir Novruz oğlundan daşınar əmlakın ona məxsus olduğunu təsdiq edən rəsmi sənədlər tələb olunarkən həmin şəxs əmlakı Türkiyə Respublikasından idxal etdiyini bildirib: “Təqdim etdiyi sənədlərdən isə belə məlum olub ki, geyim malları ölkə xaricindən ayrı-ayrı şəxslər tərəfindən idxal edilib. Belə olan halda, sığortalı və sığortaçı arasında bağlanmış müqaviləyə əsasən, bu sənədlər əmlakın zərərçəkən şəxsə məxsus olduğunu təsdiq edən rəsmi sənəd hesab olunmadığı üçün “PAŞA Sığorta” şirkəti tərəfindən Əsgərov Mahir Novruz oğluna sığorta ödənişi ödənilə bilməyəcəyi haqqında məlumat verilib.

Bu bildirişdən sonra Əsgərov Mahir Novruz oğlu öz izahatını dəyişərək daşınar əmlakı xarici bazardan deyil, daxili bazarda fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsdən əldə etdiyini bildirib. Bu halda müştəridən elektron-qaimə faktura tələb edilib, lakin müştəri cari tarixə qədər tələb edilən sənədi təqdim etməyib.


Yuxarıda qeyd olunanları nəzərə alaraq, sığortalıya yenidən müraciət edilərək geyim əşyalarının alışını təsdiq edən elektron qaimə-fakturaların “PAŞA Sığorta” ASC-yə təqdim edilməsi tələb olunub.

Sığorta ödənişinin ödənilməsi üçün tələb edilən bütün sənədlər sığortalı tərəfindən tam təqdim edilmədiyindən, sığorta ödənişi həyata keçirilməyib. Bu barədə dəfələrlə sığortalı Əsgərov Mahir Novruz oğluna və onun vəkilinə məlumat verilib, rəsmi bildirişlər göndərilib”.

Xatırladaq ki, M.Əsgərovun iddiasına görə, yararsız hala düşən mallara dair qaimələri təqdim etsə də, mağazanı sığortalayan “Paşa Sığorta” ASC sığorta ödənişi verməkdən imtina edib: “Mallar xaricdən karqo vasitəsilə gəlirdi, mən tədarükçüdən alırdım. Şirkətlə müqavilə bağlayarkən bildirilmişdi ki, kağız qaimələr qəbul ediləcək. Amma indi məndən elektron vergi sistemindən hesab faktura tələb edirlər”.

“AVVA” mağazalar şəbəkəsi ilə sığorta müqaviləsi imzalayan, “Paşa Sığorta”nın Sumqayıt nümayəndəliyinin direktoru Rəhman Dadaşov saytımıza açıqlamasında bildirib ki, müqavilə imzalanarkən vətəndaşdan sığorta ödənişi edilərkən elektron qaimə tələb ediləcəyi bildirilməyib.

Hadisə ilə Fövqəladə Hallar Nazirliyi araşdırma zamanı 140 min manata yaxın zərər dəydiyini təsdiqləyib.

Murad Əhməd