Razi Nurullayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, partiyanın yerlərdə konfranslarının keçirilməsi üçün hazırlıq işləri görülür: “Artıq 30-dan çox rayonlarda təşkilat komitəsi yaradılıb. Qurultayın noyabrda keçirilməsi planlaşıdırılır, amma konkret tarix müəyyənləşməyib. Proqramın yenidən yazılması və ya dəyişilməsi nəzərdə tutulur”.
R.Nurullayev qeyd edib ki, partiyada hazırkı sədr Əli Kərimliyə alternativ yoxdur: “Partiyanın nizamnaməsində hər hansı bir dəyişiklik təklifi yoxdur. Qurultayda sədr seçkisi də keçiriləcək. Amma bu gün partiyada sədr kimi Əli Kərimli görülür. Digər şəxslər də heç bir iddia ortaya qoymur, bundan sonra iddialı olacağı da gözlənilmir. Seçkiyə vahid namizədlə gediləcəyi haqda indidən konkret fikir deyə bilmərəm. Amma reallıq budur ki, AXCP-də sədr yenilənməsi gözlənilmir”.
Sədr müavini bildirib ki, partiya qurultay keçirməyə yeri hökümətdən istəyəcək: “AXCP-nin qərargahı olmadığı üçün qurultayı keçirməyə öz yeri yoxdur. Amma 16 iyun yubiley tədbiri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyində Əmircandakı Mədəniyyət Sarayını vermişdi. Yenidən meriyaya müraciət ediləcək. Onların təklif etdiyi yerlər nəzərdən keçirilərək qərar veriləcək”.
Razi Nurullayev partiyanın 250 min manata alıb istifadə etmədiyi qərargahı haqda danışıb: “Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 56 ünvanında partiyanın bir üzvünün adına ofis alınıb. Amma Fövqəladə Hallar Nazirliyi tərəfindən qapısı qaynaqlandığı üçün istifadə edilmir. Biz bu ofisi alandan sonra beynəlxalq təşkilatlara müraciət etmişdik. Onların hökümətlə danışıqları da nəticə vermədi.
Ofisin AXCP tərəfindən 250 min manata satın alınması haqda məlumatlar şayiədir. Bu rəqəm özü fantastik qiymətdir. Həm də o ofis 6 il bundan öncə alınıb. O vaxt qiymətlər bu səviyyədə deyildi. Həmin qərargahın neçəyə alınması haqda isə dəqiq məlumatım yoxdur”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər