H. Kərimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ağaşirin Tanrıverdioğlu Nərimanov rayon şöbəsinin üzvlərindən biri kimi partiyanın nizamnaməsini pozduğuna görə azad olunub: “Partiyadan qovulmuş adamım səsləndirdiyi ittihamlar kökündən yanlışdır. AXCP bu gün Azərbaycanda ana müxalifət partiyasıdır. Partiya bu rejimə qarşı mübarizə aparır və burada heç bir qruplaşmadan söhbət gedə bilməz. Onun Fuad Qəhrəmanlını işarə etməsi də yanlışdır. Çünki partiyanın sədri var. Sədrin necə fəaliyyət göstərdiyi hamıya məlumdur və şəffafdır. Fuad Qəhrəmanlı da partiya sədrliyinə iddialı bir şəxs deyil. Ağaşirin bəy bu rejimə qarşı mübarizə aparan adamları hədəfə götürüb. Ona görə də ona ciddi bir adam kimi baxmırıq”.
Onun sözlərinə görə, AXCP-nin Ali Məclis üzvlərindən hər kəs Məclis sədri ola bilər: “Bu, onların nizamnamə hüququdur. Seçim məsələsində hər şey alternativ qaydada həll olunur. Məndə olan məlumata görə, Gözəl Bayramlının Məclis sədri olmaq barədə fikri yoxdur”.
H. Kərimov əlavə edib ki, Cəmil Həsənli Milli Şuranın sədridir, Əli Kərimli isə AXCP partiyasının, ana müxalifətin lideridir: “Milli Şurada aparıcı partiya AXCP-dir. Əli Kərimlinin Milli Şura sədri olmaq iddiası yoxdur. Bu ona atılan böhtan və iftiradan başqa bir şey deyil”.
Qeyd edək ki, A. Tanrıverdioğlu “Yeni Müsavat” qəzetinə müsahibəsində AXCP-də Həsən Kərimov-Gözəl Bayramlı və Əli Kərimli- Fuad Qəhrəmanlı qruplaşmasının olduğunu, Məclis sədrliyinə Gözəl Bayramlının gətirələcəyini, Əli Kərimlinin Milli Şura sədri olmaq barədə planlarının olduğu barədə bir sıra ittihamlar səsləndirib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər