“AXCP İslam dövləti yaratmaq istəyən terrorçularla işbirliyi qurub”

axcp-islam-dovleti-yaratmaq-isteyen-terrorcularla-isbirliyi-qurub
Oxunma sayı: 1762

Fevralın 7-də Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə geniş kollegiya iclası keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, baş prokuror Zakir Qaralov çıxış edərək bildirib ki, son zamanlar antimilli destruktiv qüvvələrin aktivləşməklə möhkəm özüllər üzərində təməli qoyulan ictimai-siyasi sabitlik və əmin-amanlığı pozmağa yönəlmiş hərəkətlərinin, icazəli mitinq keçirmək adı ilə vətəndaşların istirahət hüquqlarını, həmçinin Ümumxalq hüzn günündə şəhidlərimizin ruhuna hörmətsizlik edərək ictimai asayişi kobud şəkildə pozmaq cəhdlərinin, sosial şəbəkələr üzərindən etdikləri təhqir və böhtanlarının, ekstremist çağırışlarının qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınıb: “Xalqın dəstəyindən məhrum olan, nüfuzunu, sosial dayaqlarını tamamilə itirmiş, ölkəmizdə İslam dövləti yaratmaq xəyalında olan radikal-terrorçu qüvvələrlə işbirliyi qurmuş, ermənipərəst xarici dairələr tərəfindən idarə olunmaqla qanunsuz maliyyələşən AXCP və digər radikal müxalifət partiyaları ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edərək varlıqlarını sübut etmək naminə diqqəti özlərinə cəlb etməklə gündəmdə qalmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışırlar.

Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı, xalqımızın rifah halının günü-gündən yaxşılaşması, xalq-iqtidar birliyinin sarsılmazlığından məyus və narahat olan, dövlətçiliyimizə qənim kəsilən, hakimiyyətə yiyələnmək üçün istənilən yola baş vurmağa, təxribatlar törətməyə hazır olan bu insanlar öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışırlar. Antimilli müxalifət düşərgəsinin təmsilçiləri və onların xaricdəki havadarlarının xalqımızı yenidən daxili çəkişmələrə, parçalanmaya və böhrana sürükləməklə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik və əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısının bundan sonra da xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacaq”.