Axtarışda olan 3 nəfər Azərbaycana gətirildi

axtarisda-olan-3-nefer-azerbaycana-getirildi
Oxunma sayı: 4163

Azərbaycan vətəndaşları Gülnarə Xəlilova, Cavanşir Rüstəmzadə və Vüsal Quliyev Rusiyadan ölkəmizə ekstradisiya ediliblər.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib. Məlumata görə, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmədə təqsirləndirilən Gülnarə Xəlilovanın və informasiya texnologiyalarından istifadə etməklə oğurluqda təqsirləndirilən Cavanşir Rüstəmzadənin istintaqdan qaçıb gizləndiklərinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluqda təqsirləndirilən Vüsal Quliyev isə məhkəmə istintaqından yayındığına görə barələrində beynəlxalq axtarış elan olunub.

Həmin şəxslər Rusiya ərazisində saxlanılaraq cari il sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bundan başqa, qeyd olunan tarixdə, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən və həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən Rusiya vətəndaşı Nazim Süleymanov cari ilin iyunun 12-də ölkəmizdə müəyyən edilib.

Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsi barədə Rusiya Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edildiyindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.