Axundov, Heydər bəy və Rey Kərimoğlu

axundov-heyder-bey-ve-rey-kerimoglu
Oxunma sayı: 2437



Xatırlayırsınızsa, Axundovun “Hacı Qara” əsəri Heydər bəyin monoloqu ilə başlayır.

Heydər bəy igid, qoçaq, yaraşıqlı bir gəncdir. Sevdiyi qız var. Evlənmək istəyir. Fəqət heç bir təhsil almadığından və əlində ciddi bir sənəti olmadığından pul-para tapmır. O zaman əski illərin xiffətini çəkir. O illər ki, hökümət belə güclü deyildi və Heydər bəy kimi adamlar qaçaq-quldurluqla əməllicə pul-para toplayırdılar. 

İndi vəziyyət fərqlidir.

Amma əsər boyu çıxış yolu tapılır: qaçaqmalçılıq! 

Diqqət edin: yenə də qanunsuzluq!

Sizcə əsərin mesajı nədir?

Azərbaycan gənci hər hansı qanun pozuntusuna yol vermədən özünə güzəran düzəltmək imkanından məhrumdur. Axundov bunun səbəbini, təbii ki, daha çox gerilikdə, cəhalətdə, təhsilsizlikdə görürdü. Ancaq biz oxuyub, ali təhsil alıb, aspirantura bitirəndən sonra da vəziyyət düzəlmədi.

Və hətta bu gün, müstəqil və varlı ölkəyik, yenə oxşar sütuasiyadır.

Hansı müəllim, hansı həkim, hansı məmur öz halal qazancı ilə ev almaq və ailə qurmaq kimi həyat əhəmiyyətli problemlərini rahatca həll edə bilər?

Əgər bu mümkün deyilsə, bu adamlar necə yaşayır, hansı pulla ev tikir, maşın alır, toy çaldırır, gərdəyə girir?!

Məncə yetərincə ciddi sualdır.

Şəxsən mən, müəllim də işləmişəm, məmur da, jurnalist də. Üstəlik, pis-yaxşı ölkənin ədəbiyyat adamlarından hesab olunuram. Aciz, fərasətsiz, fağır birisi deyiləm. Ancaq bu peşələrin heç biri qanuni yolla özümə gün ağlamaq üçün yetərli olmayıb.

Jurnalist xəstələnəndə xeyriyyəçi axtarmışıq!

Yazıçı xəstələnndə həmçinin...

Bu xeyriyyəçini tapanda şükr etmişik, əllərindən öpmüşük.

Heç vaxt düşünməmişik ki, bəzən insana xeyriyyəçilik edən, məhz onu öz problemlərini öz gücü ilə həll etmək imkanından məhrum edənlərdir.

Bəzən səsimizi oğurlayan deputat kəndimizə asfalt çəkməklə bizi sevindirib, gözümüzdə hörmətli adama çevrilib.

Rey Kərimoğlu ilə bağlı yazılanlara göz atdım...

Əlbəttə Rey bu məmləkətdə yaxşı nə varsa onların hamısına layiqdir.

Çünki bu məmləkət uğrunda canını qoyub.

Rey layiqdir, lap-layiqdir!

Fəqət Rey ən çox layiq olduqlarına öz hesabına çatmağa layiqdir! 

Bir döyüşçü, bir qazi, bir müharibə əlili və bir jurnalist öz imkanları hesabına özünə və ailəsinə ev ala bilmirsə seviniləsi cəmiyyət qurmamışıq demək. 

Sağ olsunlar ona ev almaq imkanı tanıyanlar. Buna söz yox! Amma Reylər Azərbaycanda birdirmi, beşdirmi, iyirmi beşdirmi? Bəs onlara xeyriyyəçiləri haradan tapaq? 

Bəlkə, insanların deyil qanunların “xeyirxahlığ”ına çalışaq ki, Rey Kərimoğlu kimi adamlar da ev alanda bu qədər səs-küy doğurmasın?   

Necə düşünürsüz?