“Ay bədbəxt, o, efirə təzə çıxsa da, sənin ondan fərqin yoxdur”

ay-bedbext-o-efire-teze-cixsa-da-senin-ondan-ferqin-yoxdur
Oxunma sayı: 2977

“Efir var ki, efirə çıxaq? Əgər evimdə istəmirəmsə ailəm o kanala baxsın, özüm ora çıxaram? Heç vaxt! Nümunəvi bir şey görmürəm. Ancaq bir-birilərini sındırır, qırır, tənqid edir, təhqir edirlər. Bundan başqa heç nə görmürük. Qalmaqalla səhnəyə gələn insan deyiləm. Problemlər efirdə bəlli olmayıb. Bunlar boş şeylərdir. Tamaşaçıya bunlar lazım deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri müğənni Elnur Məmmədov “Söhbətsiz” proqramında qonaq olarkən deyib. Sənətçi televiziyaları tənqid edərək kanalların nümunəvi olmadıqlarını qeyd edib:

“İki il ərzində cəmi bir layihədə münsif olaraq yer aldım. Üç-dörd il olar ki, maqazin verilişlərinə, 15 il olar ki, sayt, qəzet və jurnallara müsahibə vermirəm. İki ildən çoxdur heç bir konsertə getmirəm. Hətta canlı verilişlərə belə çıxmaq istəmirəm. Çünki 10-15 dəqiqə gecikmə ilə efirə gedir. Sözümüzü deyirik, lakin kəsib efirə sərf edilən hissəsini verirlər. Müğənnini öz istəklərinə uyğun təqdim edirlər. Bizi insanların gözündə başqa cür formalaşdırırlar.

Məsələn, məni tək çağırırlar, başqasını cüt çağırırlar. Mənə hörmətlə yanaşırlar, təzə müğənniləri sındırırlar. Bu da mənə pis təsir edir. Ay bədbəxt, sənin qarşındakı efirə təzə çıxsa da, illərdir sənətdə olan sənin ondan fərqin yoxdur. Hamımız bir kəfənə bürünüb gedəcəyik”.

Bundan əlavə, Elnur müğənnilərin solo konsertlərində yaranan dəvətnamə probleminə toxunub: “Artıq konsert verməyə maraqlı deyiləm. Orada əyləşən insanların yarısını dəvət edəcəmsə, bu, niyə lazımdır? İnsanlarda konsertə maraq ölüb. Mənə Aygün Kazımovanın “Kristal Hall”dakı konsertinə dəvətnamə verildi, amma geri qaytardım.

Ora özüm bilet alıb getdim. Bundan əlavə, “Bu şəhərdə”yə də bilet alıb gedirəm. Mən dəvətnamə xoşlamıram. Özüm konsertimdə dəvətnaməni mahnılarımın müəlliflərinə, müəllimimə və bir neçə dostuma vermişdim. Hamı məndən incidi! Bunu açıq şəkildə biruzə verdilər. Özüm haqqımda danışıram, lakin başqaları bu sözləri özünə aid edir”.