90-cı illərin toy dəvətnamələrini bəzəyən bu şeirə artıq elə də rast gəlməsək də, toy adət-ənənələri, toy mərasimlərinə verilən xüsusi diqqət hələ də öz aktuallığını itirməyib. Əksinə olaraq fərqli yeniliklər əlavə edilməyə, daha çox diqqət gösərilməyə və ən əsası daha çox pul xərclənməyə davam edilir. Azərbaycan toylarından çox yazıldığı üçün bu dəfə “Qafqazinfo” sizə müxtəlif ölkələrin toy adətləri və xüsusiyyətləri ilə yadda qalan dünya toylarından hazırladığı yazını sizə təqdim edir:
Çox uzağa getməyək, ötən günlərdə livanlı iş adamı Əli Salhab ilə Aya Xalilin Bodrumda təşkil etdikləri 3 gün 3 gecəlik toy mərasimi onlara təqribən 4 milyon dollara başa gəlib. “Mandarin” Oteldə keçirilən məclisə Aya Xalil xüsusi bəzədilmiş gəmi ilə gəlib. Gəlin paltarının dizayneri məşhur modelyer Donatella Versacenin də toyda iştirakı dünya mediasında xüsusi qeyd olunub.

Dünyanın ən bahalı toy mərasimlərinə nəzər saldıqda isə, ilk sıralarda İngiltərənin Kral ailəsinin nümayəndələri yer alır. Belə ki, taxtın varisi Prens Villiam ilə Kate Middleton üçün təşkil olunan mərasim 34 milyon dollara başa gəlib və 2 milyona yaxın insan iştirak edib. ABŞ-ın 14 telekanalında və youtube portalında canlı yayımlanan “Pəri nağılı”nı 2 milyarddan çox insan izləyib. Dünya Çempionatının youtube-dakı baxış rekordunu qıran mərasimin canlı yayımına 400 milyon, hal-hazırdakı videosuna isə 2 milyard yarım baxış olub.
İndi də dünyadakı maraqlı toy adətlərinə nəzər salaq.
Afrikada gəlinlə bəy toyda xüsusi bəzədilən süpürgənin üstündən tullanır. Köləlik zamanından gələn bu adətə görə, bəylə gəlinin keçmişdə olan bütün uğursuz zamanları süpürgə ilə süpürülüb atılır.
Çexiyada da ölkəmizdə olduğu kimi gəlin toy günü boşqab qırmalıdır. Ancaq bizdən fərqli olaraq, gəlinlə bəy xoşbəxt gələcək üçün boşqab qırıqlarını özləri təmizləyir. Toy əsnasında gəlin bəyin dostları tərəfindən qaçırılır və gələcəkdə onu qoruyacağına söz verən bəy xanımını tapmaq məcburiyyətindədir.

Almaniyada toy mərasiminin sonunda cütlük mişarla kötük kəsməlidir. Bu adət gələcəkdə qarşılaşacaqları çətinliklərə qarşı cütlüyün birlikdə mübarizə aparması üçündür.

Mavritaniyada evlilik yaşına çatan qızlar ən az 60, ən çox 100 kilo olması vacibdir. Yemək yeməyən qızlar cəzalandırılır.
Şotlandiyada gəlin toydan bir gün əvvəl küçəyə çıxarılaraq çirkləndirilir. Yumurta, tomat və bir neçə maddələr bir-birinə qarışdırılaraq gəlinin üstünə atılır. Hər kəs görsün deyə şəhərdə gəzdirilən gəlin gecə ailənin böyüklərinə ayaqlarını yuduzdurur. Bu ənənələrin cütlüyə gələcək həyatında xoşbəxtlik gətirəcəyinə inanılır.
Kolumbiyada gəlinin anası ilk gecə cütlüyün çarpayısının kənarına oturaraq ilk əlaqəyə şahidlik etməlidir.
Türkmən gəlinlərinin toyda geydiyi libas və zinət əşyalarının ağırlığı təxminən öz çəkisinə bərabər olur. Sadəcə zinət əşyaları 36 kilo, əl işi gəlin paltarı və digər əşyalarla birlikdə gəlinin üzərindəki ağırlıq 40 kilodan çox olar.
İsveç toylarında qonaqlar gəlin və bəyi öpür. Əgər gəlin tualetə gedərsə, bütün qadın qonaqlar bəyi, bəy gedərsə bütün kişilər gəlini öpmək üçün sıraya girir.
Pakistanın bəzi bölgələrində kürəkən olmaq istəyən şəxs qızın ailəsində imtahandan keçirilir. Bu zaman qızlarını almaq istəyən şəxsə xeyli sayda təhqir və söyüş söyülür. Evlənmək istəyən bəy namizədin bütün bu sözlərə dözə biləcək qədər soyuqqanlı olması vacibdir. İmtahandan müvəffəqiyyətlə keçən gənc evlilik icazəsini almış olur.
Dünyada indiyə kimi ən romantik və emosional evlilik hədiyyəsi beldən aşağısı iflic olan Joey Jonson tərəfindən Mişelə edilib. Belə ki, toy mərasimlərində maraqla gözlənilən bəylə gəlinin ilk rəqsinin təşkili üçün bəy dostlarından yardım alaraq xüsusi bandaj və qurğularla ayağa qalxıb. Sevgilisi ilə ayaqüstə rəqs edən Mişel onları izləyən hər kəsin göz yaşlarını saxlaya bilmədiyini, onun da bu xüsusi jestdən çox təsirləndiyini deyib: “Onunla bir daha göz-gözə rəqs edəcəyimizi gözləmirdim, ömrümün sonunacan nə kömək lazımsa etməyə hazıram. Çünki onu çox sevirəm”.

Dünyanın ən maraqlı toy əhvalatlarından biri də Felipe Comparini Aragonun başına gəlib. Belə ki, sevgilisinin qardaşının 21-ci doğum gününü qeyd etmək üçün verilən adresə gedən Felipe məkana çatdığı zaman mərasimin əslində onun toyu olduğunu görüb. Əvvəlcə təəccüblənən gənc sonradan sürprizin çox xoş olduğunu deyib: “Mənim üçün çox həyəcanlı bir təcrübə oldu. Ancaq bu sevgimizin bir sübutudur.

Beynəlxalq Professional Toy fotoqraflar Birliyi hər il 4 dəfə ilin ən yaxşı toy fotoşəkillərini seçir. Tayvanda Chris Huangın çəkdiyi foto ötən ilin ən gözəl 20 toy fotosu arasında yer almağı bacarıb.

Bu da ən uğursuz toy fotosu:

İnsanların ən xoşbəxt və gözəl günlərində başlarına gələn maraqlı hadisələr toy günlərini daha da yadda qalan edib. Nə gəlinlə bəyin, nə də ki toya gələn dəvətlilərin ömür boyu unuta bilməyəcəyi toylarda yaşanan maraqlı anlar:
Günel Hacı