Bu gün Avropa Çempionatında Türkiyə millisi İspaniya ilə qarşılaşacaq. “Qafqazinfo” xəbər verir ki, bu qrup mərhələsinin ikinci turunun qarşılaşmasıdır.
Türkiyə millisi İspaniya ilə 11-ci dəfə üz-üzə gələcək. Bu komandalar ilk dəfə 1952-ci ildə üz-üzə gəliblər. Həmin vaxt qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
“Ay ulduzlular” prineylilərlə növbəti dəfə 1954-cü ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində münasibətlərə aydınlıq gətiriblər. Həmin matçda İspaniya 4:1-lik qalibiyyət əldə edib. Elə həmin seçmə mərhələnin cavab görüşündə isə qardaş ölkə komandası 1:0 hesablı qələbə qazanmışdı. Bu qalibiyyət Türkiyəyə daha bir matç oynamaq haqqı verir və dünya çempionatının final mərhələsinə çıxmaq şansı qalır.
Elə İspaniya ilə oynanılan üçüncü matç 2:2-lik bərabərliklə başa çatır. Nəticədə püşk atılır və Türkiyə tarixində ilk dəfə dünyanın ən güclülərinin yarışına qatılır.
1957-ci ildə İspaniya və Türkiyə yoxlama görüşündə qarşılaşır. Matç ispanların 3:0 hesablı qələbəsi ilə yekunlaşır.
“Ay ulduzlular” “buğalar”la 1968-ci ildə Avropa Çempionatının seçmə mərhələsində qarşılaşır. Tərəflər arasında ilk görüş 0:0 yekunlaşır. Revanş matçında isə İspaniya 2:0 hesabı ilə üstün olur.
1973-cü ildə isə növbəti dəfə yoxlama oyunu keçirilir. Bu matç da qolsuz bərabərliklə başa çatır.
Türkiyə ilə İspaniyanın növbəti görüşü isə 36 il sonraya təsadüf edir. 2010-cu dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən ilk görüşdə İspaniya 1:0 hesabı ilə qalib gəlir. Yeganə qolu Xerard Pike vurur.
Cavab matçında da “ay ulduzlular” meydanı məğlub tərk edir. 1:2 hesabı ilə uduzan komandanın yeganə qolunu Semih Şəntürk vurur.
11-ci görüş isə bu axşam oynanılacaq. Avropa Çempionatının final mərhələsində keçirilən oyun Nitsa şəhər stadionunda oynanılacaq.

Son xəbərlər
Son Xəbərlər