Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl "Bakı Metropoliteni” QSC-indən yayılan məlumata görə, bu ayın sonunacan metro stansiyalarının keçidlərində yerləşən ticarət köşkləri bağlanacağı bildirilirdi. Bu səbəbdən də bir neçə gündür ki, metro stansiyalarının keçidlərində ticarətlə məşğul olan insanlar arasında narazılıq, nigaranlıq hökm sürürdü.
“Qafqazinfo”nun Musavat.com-a istinadən məlumatına görə, bu gün həmin qərarın icrası isə ilk olaraq, “Koroğlu” stansiyasının keçidlərində fəaliyyət göstərən ticarət köşklərinin sökülməsi ilə başlandı. Belə ki, axşam saat 19:00 radələrində tam yığışdırılacağı bildirlən ticarət köşklərinin sahibləri təlaş içərisində öz mallarını dəyər-dəyməzinə satırdı.
Maya dəyəri 8 manata olan kişi ayaqqabıları 5 manat, əvvəlki satış qiyməti 7-10 manata olan qadın ayaqqabıları isə 2-3 manata satılırdı. Obyekt sahibləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən onlara martın 27-ə qədər fəaliyyət göstərməyə icazə verilsə də, aldadıldıqlarını bildirdilər.
Sahil adlı dükan sahibi hazırda 10 min manata yaxın sərmayəsinin batdığını, ağır vəziyyətə düçar olduğunu dedi: "Biz 5-cü gün səhər Bakı meri Hacıbala Abutalıbovun yanında olduq. O, dedi ki, gedin 1-ci gün sizə konkret cavab verəcəyəm. İndə də məlum olub ki, bu dəqiqə buranı boşaltmalıyıq. Halbuki, biz mağazaların kirayə haqqını bu ayın sonunacan ödəmişik".
Bildirək ki, şikayətçilərin əsas narahatlığı da ödədikləri kirayə haqqlarının batması ilə bağlı idi. Hər ay 900-2000 manat arası kirayə haqqı ödəyən ticarətçilər, banklara kreditlərinin olduğunu deyərək, naçar vəziyyətlərinə çarə axtarırdılar.
Bu durumla bağlı hər yerdən əllərinin üzüldüyünü deyən ticarətçilər, məcburən bütün mallarının məhv olacağını söylədilər.
"2-3 banka borcum var. Şərikimlə 15 min manata dükan almışıq. İndi də əlimizdən alırlar. Mən nə edim? Söz deyib, etiraz edənin də adını, soyadını yazıb, aparırlar. Deyirlər, kasıb öl acından..!" - söyləyən Vaqif adlı şəxs də borclarına görə çıxılmaz vəziyyətə düşdüyünü dedi.
Yaranmış durumdan yararlanan metro istifadəçiləri isə yarıbayarı qiymətə qoyulmuş məhsulları cüt-cüt alırdılar.
Lakin onu da bildirək ki, bir sıra obyekt sahibləri hazırda mallarını maya dəyərinə satmalarına rəğmən, martın 27-dək buradan çıxmayacaqlarını bildirdilər.
Son xəbərlər
Son Xəbərlər