Aybəniz Haşımova: “Aynişan heç də əliboş qayıtmır”

aybeniz-hasimova-aynisan-hec-de-elibos-qayitmir
Oxunma sayı: 2980

“Əsas yer tutmaq deyil, Aynişan müsabiqədə Azərbaycanı yüksək səviyyədə təmsil etməsi idi. O da bunu bacardı”. Bu açıqlamanı “Qafqazinfo”ya Belarusdan zəng vuran əməkdar artist, Azərbaycanı “Slavyan Bazarı Vitebsk - 2011” festivalında təmsil edən Aynişan Quliyevanın anası Aybəniz Haşımova verib. A. Haşımovanın sözlərinə görə, bu il festivalın yubiley ili olduğundan təbii ki, Belarus “Qran-pri”ni öz təmsilçisinə verməli idi: “Buna görə inciməyə dəyməz. Yubileylərində özlərinə hədiyyə etdilər. Bu il onların bayramıdır və “Qran-pri”ni başqa ölkəyə verməkləri də düz olmazdı. Mən də arzu edirdim ki, “Qran-pri”ni bizə versinlər, amma verməyəndən sonra nə edə bilərdik? Bir də ki, jüridə hansı ölkənin nümayəndələri təmsil olunurdusa, birinci, ikinci, üçüncü yerləri də həmin ölkələrin təmsilçilərinə verdilər. Hamısı siyasət idi. Orada Aynişandan da güclü iştirakçılar var idi ki, heç xüsusi mükafata da layiq görülmədilər. İştirakçılar da sözü bir yerə qoyub Belarus təmsilçisinə “Qran-pri” təqdim olunan zaman əl çalmadılar, bircə Ermənistandan başqa. Birdə bu festivalda iştirak etməyəcəklərini dedilər”.

Əməkdar artistin sözlərinə görə, Aynişan festivaldan heç də əliboş qayıtmır. Belə ki, Belarusun Rabitə Birliyi özünün xüsusi “Simpatiya” mükafatını Aynişana təqdim edib: “Aynişan həm də festivalın diplomantı oldu. Əsas odur ki, biz Azərbaycanı yüksək səviyyədə təmsil etdik. Aynişan oxuyanda bütün zal alqışlayırdı, Münsiflər heyətindən hətta ayaq üstə alqışlayanları da oldu”.

A. Haşımova Ermənistan təmsilçisilə bağlı maraqlı hadisələr danışıb. Bildirib ki, təşkilatçılar Ermənistan təmsilçisini onların yanından ayırmırdılar: “Səhnədə Aynişanı Ermənistan təmsilçisi olan oğlanla yanaşı qoyurdular, hətta otel oyaqlarımızı da yanaşı salmışdılar. Hara gedirdiksə oğlan yanımızda idi. O oğlan Aynişana necə fanatlıq edirdi, Azərbaycanı necə sevirdi?! Sadəcə şokda idik. Hətta Aynişan səhnədən çiynində Azərbaycan bayrağı ilə çıxan zaman, o da çiynində Ermənistan bayrağı ilə Aynişanla bayrağımıza əli ilə “əla” işarəsi tutaraq şəkil çəkdirdi. Biz orada kobudluq edib, onu yanımızdan kənarlaşdıra da bilmirdik. Bütün ölkələr bizə baxırdı. Özümüzü vəhşi kimi aparmaq bizə yaraşmazdı. Səbirli olmağa çalışırdıq. Mənim üçün ən çətin imtahan bu oldu”.

Nigar Məmmədli