“Xalqımızın dəyərli səsi və ifaçısı Zakir Əliyevin 22 may doğum günü və sənətdə olmasının 35-ci ilidir. Sevindirici hal odur ki, böyük ifaçımızın yubileyi ərəfəsində dövlət başçımız cənab İlham Əliyev tərəfindən Zakir müəllim yüksək dövlət statusu ilə- əməkdar artist kimi yüksək fəxri adla təltif olundu. Bu addım əsl sənətkarlara böyük mükafatdır. O gün olsun ki, Heydər Əliyev ordeninə layiq görülsün. Çünki Zakir Əliyevin misilsiz ifaçılığı və xalqının musiqisinə hələ körpə yaşlarından təmannasız, yorulmaz xidməti onu bu zirvəyə aparır. Zakir Əliyev Azərbaycan kişisinin bariz nümünələrindəndir. Zakir müəllim heç zaman daşıdığı sənət adına xələl gətirmədi, yalnız xalqının imicini, adını, sənətini düşündü, sənət ustadları Şövkət xanım Ələkbərova, Arif Babayev hər zaman onunla fəxr etdilər.
Zakir Əliyev hələ körpə yaşındaykən böyük Üzeyir Hacıbəyovun 100 illik yubileyində Moskvada- Böyük Teatr səhnəsində “Leyli və Məcnun” əsərini oxumaqla yüksək alqışlar qazanmaq şərəfinə nail oldu. Zakir Əliyev ulu öndər Heydər Əliyevin 1980-ci ildə imzası ilə açılmış sinfin qaliblərindəndir. Əvəzolunmaz ustad sənətkar və mənim ustadım Şövkət xanımın Zakir Əliyevin ünvanına dediyi “Zakir oxuyur, elə bilirəm Zülfü oxuyur. Zakir bala Zülfüdü” kəlmələri hələ də xatirimdən getməyib.
Zakir Əliyev hələ körpə yaşlarindan əsl sənətkar ifaçı idi. Bu gün də yüksək sənət göstəricisi ilə musiqimizə xidmət edir. Allahdan ona can saglığı, uzun ömür arzu edirəm.
Mən Zakir müəllimlə və digər uşaqlıq dostlarımla həmişə fəxr etmişəm və edirəm. Allah onları mənə və xalqımıza çox görməsin. Doğum günün mübarək əziz və əvəzolunmaz dost. Amin!”
Son xəbərlər
Son Xəbərlər