Azərbaycanın sənədli filmi Sarayevo Film Festivalının proqramına daxil edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə filmin rejissoru, jurnalist Aynur Elgünəş öz feysbuk hesabında etdiyi paylaşımda bildirib. Belə ki, onun ilk dəfə rejissorluğunu etdiyi "Çinar ağacının kölgəsində” ("Shadowed by the plane tree”) ekran işi festivalın sənədli film müsabiqə proqramına salınıb.
Aynur Elgünəş qeyd edib ki, artıq ikinci film haqqında da düşünür: “Həyatımın 10-cu və ən ağır əməliyyatından çıxan günün sabahısı Sarayevo Film Festivalından e-mail aldım, filmimiz seçilmişdi, rejissor və prodüser kimi mənimlə Durnanı Sarayevoya dəvət edirdilər. Çətin anlarda işarətlərə inanan adamam, ona görə də indi ağrılar içində sevinməyin nə demək olduğunu izah etməkdə acizəm”.
Qeyd edək ki, "Çinar ağacının kölgəsində” qısametrajlı hibrid sənədli film rejissorun şəxsi hekayəsidir. "Çinar ağacının kölgəsində” ümumilikdə 751 film arasından seçilib və builki festivalda nümayiş olunacaq yeganə Azərbaycan filmidir. Müəllif Aynur Elgünəş yeniyetməykən köçkün düşdüyü Ağdam şəhərinə 28 il sonra jurnalist kimi qayıdır, film boyu Ağdam küçələrində uşaqlığının izlərini axtarır, dağıntılar altında qalmış xatirələrinə səyahət edir. On səkkiz dəqiqəlik filmin prodüseri jurnalist və rejissor Durna Səfərova, operator və montajçısı Mətləb Muxtarovdur.
Builki festival avqustun 12-dən 19-dək keçiriləcək.

Son xəbərlər
Son Xəbərlər