“Az avtomobil, çox həyat” devizi ilə veloyürüş keçirildi - Fotolar

az-avtomobil-cox-heyat-devizi-ile-veloyurus-kecirildi
Oxunma sayı: 1947

Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar bu gün Ekologiya və Təbii Səırvətlər Nazirliyinin təşəbbüsü ilə növbəti veloyürüş baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Bakıda, Veloparkda “Az avtomobil, çox həyat” devizi altında keçirilən veloyürüşdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdövsi Əliyev tədbir iştirakçılarını salamlayaraq Nazirliyin adından bütün iştiralçılara minnətdarlıq edib. Sonra yürüşə start verilib.

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə bildirib ki, Nazirliyin təşəbbüsü ilə artıq ikinci dəfədir ki, veloyürüş təşkil edilir:

“Hesab edirik ki, ekoloji cəhətdən təmiz nəqliyyat növü olan velosiped həm insanların, həm də təbiətin dostudur. Velosiped sürmək sağlamlıqdır, eyni vaxtda da atmosferi və ətraf mühiti çirkləndirməməkdir, az tullantı isə sağlam həyat üçün şərait deməkdir. Bizim də niyyətimiz odur ki, ölkəmizdə insanların sağlam həyatı üçün davamlı şərait olsun. İnsanlarımız sağlam, təbiətimiz, havamız təmiz, oksigenimiz bol olsun. Ağac əkəndə də, atmosferin və Xəzər dənizinin çirkləndirilməsinin qarşısını alanda da, plastik və polietilen məmulatların istifadəsinin azaldılması ilə bağlı tədbirlərimiz də yalnız bir məqsədə xidmət edir, yəni ölkəmizdə insanlar təmiz ətraf mühitdə nəfəs alsın və daim sağlam olsunlar”.

 Yürüş iştirakçılarından biri, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ETSN-nin keçirdiyi veloyürüşü dəstəklədiklərini və önəmli təşəbbüs olduğunu qeyd edib.

Qeyd edək ki, veloyürüş Umumdünya Sağlamlıq günü ilə əlaqədar Ekologiya və Təbii Səırvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil edilib. Veloyürüşdə Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak edib.