“Azad ölkəyik, valideynlər harasa getmək hüququndan istifadə edirlər”

azad-olkeyik-valideynler-harasa-getmek-huququndan-istifade-edirler
Oxunma sayı: 3417

Təhsil naziri Emin Əmrullayev Bakı-Şamaxı yolunda paytaxtın 279 saylı tam orta məktəbinin müəllim və şagird heyətinin düşdüyü qəza ilə bağlı danışıb. 

“Qafqazinfo”nun məlumatına görə, nazir qeyd edib ki, bu hadisə məktəb tərəfindən deyil, valideyn qrupları tərəfindən təşkil olunub: “Biz Şuşaya səfər təşkil elədik, təxminən 300 nəfərə yaxın insan gedib-gəldi. Burada biz aidiyyəti qurumlarla əməkdaşlıq edirik. Bir də var ki, hansısa valideyn qrupları öz övladları ilə harasa getmək istəyirlər. Bu halda mənim tövsiyəm o ola bilər ki, ehtiyatlı olsunlar. Başqa mənə hansısa təklif tövsiyə verə bilərsizsə, mən o tövsiyəni verməyə hazıram. Bizim tərəfdən, yəni dövlətin təşkil etdiyi kütləvi tədbirlər zamanı müvafiq tədbirlər həmişə görülür. İstər səhiyyə qurumları ilə, istərsə də polislə əməkdaşlıq edirik”. 

Nazir həmçinin əlavə edib ki, bu məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir: “Ayrı-ayrı valideyn qruplarının tədbirləri təşkil etməsinə nəzarət o qədər də asan deyil. Çünki Azərbaycan azad ölkədir, istənilən valideyn qrupu harasa getmək hüququndan istifadə edir. Nə qədər xoşagəlməz olsa da, bu zaman qəzalar baş verə bilər, heç kəs bundan sığortalanmayıb. Əgər bu tip kütləvi tədbirlər məktəb tərəfindən təşkil olunarsa, bu halda mütləq qaydada dövlət strukturlarından, Təhsil Nazirliyindən müəyyən dəstək imkanları həmişə var. Bu məsələ hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. Biz istənilən halda həmişə uşaqların yanındayıq və çalışırıq ki, prosesdə mürəkkəbləşmə olmasın. Müəyyən xəsarət alan uşaqların müalicəsi davam edir”. 

Qeyd edək ki, paytaxtın 279 saylı tam orta məktəbin müəllim və şagird heyəti Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində ağır yol qəzasına düşüblər. Hadisə ötən gün saat 23:00 radələrində baş verib. Qəza nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Gülnar Əliyeva