Azad Qarabağın ilk aqrar uğurları - Video

azad-qarabagin-ilk-aqrar-ugurlari
Oxunma sayı: 2148

“İşğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialının öyrənilməsi, bu potensialdan səmərəli istifadə Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş əsas vəzifədir. Nazirlik bu işlərə hələ müharibənin davam etdiyi dövrdən start verib”.

“Qafqazinfo” Real tv-yə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyir:

“Ermənistanın işğalı dövründə Azərbaycan torpaqlarından hərbi təyinatla istifadə edilməsi nəticəsində kənd təssərrüfatına, maldarlığa, bitkiçiliyə ağır zərbə vurulub, torpaqlar uzun illər istifadəsiz, susuz qalıb. Bu səbəbdən də orada aparılan əkinlər dəmyə şəraitdə, yəni iqlimdən asılı olaraq həyata keçirilir. Bu da nəticədə məhsuldarlığın aşağı olmasına gətirib çıxarır”.

F.Tağıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda bağçılıq sektorunun geniş perspektivləri var: “Çay kənarlarında tütün, qarğıdalı becərilməsi imkanları da böyükdür. Meşə ərazilərinin geniş olması, yay və qış otlaqlarının mövcudluğu burada heyvandarlığın potensialını da artırır, arıçılığın inkaşafına imkan yaradır. Torpaqların səmərəli istifadəsinə dair səlahiyyətlərin Prezident tərəfindən müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinə verilməsi, Qarabağ və Şərqi Zəngəzurun pilot layihədə iştirakına imkan yaradıb. Ötən il xırdabuynuzlu heyvanların və arı ailələrinin Laçın və Kəlbəcər rayonlarının ərazilərinə dislokasiyası gerçəkləşdirilib”.

Qeyd edək ki, ötən il pilot layihə çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər və Laçın yaylaqlarına ümumilikdə 4068 arı ailəsinin köçürülməsi təmin edilib.