Azadlıq-5000

azadliq-5000
Oxunma sayı: 659

Bu gün "Azadlıq" qəzetinin 5000-ci sayı işıq üzü gördü. Düz, 23 il bundan əvvəl Azərbaycanın media məkanına azad sözü, azad düşüncəsi ilə fərqlənən qəzet daxil oldu. Peşəkar yazar Nəcəf Nəcəfovun rəhbərliyi ilə çıxan, ilk sayları 200 min tiraja çatan bu qəzet tezliklə oxucuların ürəyinə yol tapdı və illərin gedişi bu sevgini, bu bağlılığı azalda bilmədi. Bir vaxtlar Azərbaycanın istiqlalı və müstəqilliyi, bu gün isə ölkənin demokratikləşməsi uğrunda mücadilədə ön sırada olan "Azadlıq" daim ölkə üçün, millət üçün çarpışdı. Bu yolda üzləşdiyi məhrumiyyətlər, davamlı təzyiqlər onu bir gün olsun tutduğu haqq yolundan çəkindirmədi.

Qəzeti ilk nömrələrindən izləyən, ilk nömrənin çapına şahid olan "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, "Azadlıq" öz gəlişi və bu illər ərzindəki fəaliyyəti ilə Azərbaycanın mətbuat tarixinə silinməz bir iz qoyub: "Azadlıq"ın ilk sayından danışanda gözümün önünə Nəcəf Nəcəfovun, kollektivin sevinci gəlir. Nəcəf bəyin sevinci hədsiz idi. O, "Molodyoj Azerbaycana" qəzetindən sonra bir müddət jurnalistika ilə məşğul olmamışdı. "Azadlıq" Nəcəf bəy üçün dünyaya gələn bir uşaq kimi idi. Qəzetin nəşri ilə Nəcəf bəy sanki yenidən həyata qayıtdı. Hesab edirəm ki, onun bu sevinci hədər getmədi. "Azadlıq" ilk sayından bəri götürdüyü missiyanı indiyə qədər davam etdirir. Bu cür çətin bir vəziyyətdə "Azadlıq" öz mövqeyini, prinsipiallığını qoruyub saxlaya bilir. Bu da bir mətbuat orqanı üçün çox önəmli bir özəllikdir".

Tanınmış telejurnalist Zeynal Məmmədli bildirir ki, "Azadlıq" öz gəlişi ilə o dövrün təkfikirli, təkideologiyalı mediasından tamamən fərqləndi və alternativ jurnalistikanın əsasını qoydu: "Azadlıq" azad jurnalistikanın ilk örnəyi kimi dərhal hər kəsin diqqətini çəkdi. O dövrün bir çox hadisələrini yaşamaq, bir çox hadisələrə vətəndaşların münasibətini öyrənmək istəyiriksə, "Azadlıq"ın ilk nömrələrinə göz atmalıyıq. 5 mininci nömrə boyunca Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında elə bir önəmli məsələ olmayıb ki "Azadlıq" qəzeti ona bu və ya başqa şəkildə toxunmasın, reaksiya bildirməsin. Bu reaksiya ilə razılaşanlar da olub, razılaşmayanlar da. Amma "Azadlıq" hər dəfə bu qaynar həyatın içində olub. İlk nömrələri oxuyanda görmək olar ki, ictimai xarakterli media necə olur. Bu baxımdan "Azadlıq" qəzeti örnək sayılacaq bir mətbuat orqanı olub. Xatırlayıram ki, ilk nömrədə meydanın fotosu var idi. Sovet mətbuatında biz əvvəlcədən planlaşdırılan, şablon şəkillər görürdük. Amma bu fotoda həyatın özü var idi deyə, təsir gücü çox böyük idi. İlk nömrələrin onminlərlə satılması fenomen idi"./azadliq.info/