AZAL bu tarixdən Yeni Dehliyə uçuşlara başlayacaq

azal-bu-tarixden-yeni-dehliye-ucuslara-baslayacaq
Oxunma sayı: 1567

“Azərbaycan Hava Yolları” aviaşirkəti avqustun 9-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Hindistanın Yeni Dehli şəhəri marşrutu üzrə bilet satışına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, cədvələ əsasən, uçuşların tezliyi həftədə iki dəfə təşkil edəcək.

Bakıdan uçuşlar çərşənbə axşamı və cümə günləri, Yeni Dehli şəhərindən isə çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Qeyd edək ki, AZAL Bakı-Yeni Dehli-Bakı marşrutu üzrə uçuş proqramını “Zeal Global Group” şirkəti ilə birgə həyata keçirir.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalar daxildir.

Həmin reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Hindistana getməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/az/information/covid-india.

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı linkdən ətraflı tanış olmaq olar: https://www.azal.az/ru/information/covid-azerbaijan.