“Azarkeşə dedim ki, sakit ol” - Ruslan Abışov

azarkese-dedim-ki-sakit-ol
Oxunma sayı: 1002

“Qəbələ”nin müdafiəçisi Ruslan Abışov Azərbaycan kubokunun ¼ final mərhələsində “Zirə” üzərində qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Qarşılaşmadan razı qaldız?

- İlk oyunumuzu səfərdə oynadıq. Nəticə qazanmaq lazım idi. Rəqib çempionatda iddialılardandır və 2-ci pillənin sahibidir. Ardıcıl qalibiyyətləri var. Biz isə “Xəzər Lənkəran”la matçda heç-heçə etdik. Bugünkü oyunda qalibiyyət bizi sevindirir. Qarşıda cavab oyunu var. Heç də asan olmayacaq. Cütün taleyinə Qəbələdə aydınlıq gələcək.

- Səfərdə 2 qol vurub qalib gəlmək sizin üçün böyük üstünlükdür…

- Əlbəttə. Mən sizinlə razıyam. Amma heç nə bilmək olmaz. Çempionatda “Neftçi” ilə çətin oyun var. Bütün diqqətimizi ora yönəldəcəyik. Həmin matçdan sonra artıq kubokun cavab qarşılaşmasını düşünərik.

- Uzun müddətli zədədən sonra ilk oyunun idi. Süni örtüklü meydança sənə çətinlik yaratdı?

- Bəli, gördüyünüz kimi çətinlik oldu. Mən məşqlərdə çox çalışıram və bəhrəsini görmək istəyirəm. Növbəti qarşılaşmalarda daha yaxşı oynamaq, komandama daha çox kömək etmək istəyirəm.

- Matçın gedişində niyə əvəzləndin?

- Çox yorulmuşdum. Əslində daha tez meydandan çıxmalı idim. Çünki zədə ilə bağlı ayağımda ağrılar var idi. 2 aydan sonra ilk dəfə meydana çıxdım. 2-3 matçdan sonra formamı tam bərpa edəcəm.

- Meydanı tərk edərkən azarkeşlə aranda qısa dialoq yaşandı. “Zirə”nin fanatı sənə qarşı qeyri-etik ifadə işlətdi?

- Yox, o məni təhqir etmədi. Sadəcə meydandan tez çıxmağımı istəyirdi. Mən də ona dedim ki, sakit olsun.

- “Qəbələ” üçün avrokuboklara gedən yol çempionatdan, yoxsa kubokdan daha rahatdır?

- Mövsümü titulla başa vurmaq lazımdır. Çempionluq çətin görünür. “Qarabağ“la aradakı xal fərqi böyükdür. Sona qədər mübarizə aparacağıq. Qızıl medallara sahib çıxmaq üçün hər şey edəcəyik. Hər iki turnirdə iddialıyıq.

-Kubokda mərhələ adladanız, iki sabiq komandanızdan biri ilə, “Xəzər Lənkəran” – “Neftçi” cütünün qalibi ilə üz-üzə gələcəksiz. Sizin üçün hansı rəqib daha münasibdir?

- “Xəzər Lənkəran” bu gün 3:2 hesablı qələbə qazandı. Çox gözlənilməz oldu. Rəqibin kimliyi bizim üçün fərq etmir. “Zirə”ni mübarizədən kənarlaşdırıb kuboku qazanmaq yolunda addımlamalıyıq.

- “Xəzər Lənkəran” səfərdə üstünlüyün qoruya biləcək?

- Bunu zaman göstərər.

Elsevər