Azay Quliyev Almaniya ilə bağlı təklif verdi

azay-quliyev-almaniya-ile-bagli-teklif-verdi
Oxunma sayı: 807


“Qafqazinfo” azertac-a istinadən xəbər verir ki, A.Quliyev deyib: “İndiyədək heç bir nəticə əldə etməmiş Minsk qrupunun uğursuzluğu bizi daha effektiv mexanizmlər və yeni yanaşmalar axtarmağa vadar edir. Biz həmsədrlik institutunun tərkibini nəzərdən keçirməli və formatı digər iştirakçı dövlətlərin cəlb edilməsi ilə genişləndirməliyik. Bu baxımdan ən münasib ölkələrin Almaniya və Türkiyə ola biləcəyini nəzərə alaraq hər iki dövlətin cəlb edilməsi ilə Minsk qrupunun hazırkı həmsədrlik institutunu “Beşlik Sədrlər Şurası” ilə əvəzləyə bilərik”.

Deputat fikrini belə əsaslandırıb ki, Almaniya hər iki münaqişə tərəfi ilə sıx əməkdaşlıq edir. Onun hazırkı üç həmsədr ABŞ, Rusiya və Fransa ilə yaxın əməkdaşlıq çərçivəsində Avropa İttifaqının potensial imkanları və resurslarından, xüsusilə Azərbaycan və Ermənistanın da üzv olduğu “Şərq Tərəfdaşlığı” proqramından səmərəli şəkildə istifadə imkanları var. O, Almaniya Kansleri Angela Merkelin Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişənin həllində öz ölkəsinin fəal rol oynamasında maraqlı olduğu və buna hazır olması barədə bəyanatını da xatırladıb.

Türkiyə ilə bağlı fikrini bildirən A.Quliyev rəsmi Ankaranın Qafqazda çoxəsrlik tarixi əlaqələri və təsir imkanları olduğunu, bunu adları çəkilən digər dörd ölkənin resursları ilə birləşdirməklə tərəflərin qısa müddətdə sülh sazişini imzalamasına öz töhfəsini verə biləcəyini diqqətə çatdırıb. “Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və əlaqələrinin yenidən qurulması istiqamətindəki danışıqlarını, Türkiyənin isə bu normallaşma prosesinin Dağlıq Qarabağ probleminin həllindən asılı olması ilə bağlı mövqeyini buraya əlavə etsək, Türkiyənin həmsədrliyi bu baxımdan məntiqi və müsbət hesab edilə bilər”, - deyə deputat əlavə edib.