Azay Quliyev prezidentə təşəkkür etdi

azay-quliyev-prezidente-tesekkur-etdi
Oxunma sayı: 866


"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 16 yanvar 2014-cü il tarixli fərman cəmiyyətimiz və dövlətimizin həyatında olduqca mühüm hadisədir. Fürsətdən istifadə edib, ölkəmizin ictimai sektorunun təmsilçiləri adından Prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm.

Hesab edirəm ki, Prezidentin dəstəyilə yüksək demokratik prinsiplər və beynəlxalq standartlar səviyyəsində hazırlanmış bu qanun Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində fəal iştirakını təmin edən çox mühüm bir sənəddir. İmzalanan bu qanun indiyə kimi Azərbaycanda həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət - vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Fərmanda müəyyən edildiyi kimi, qanunun 1.0.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərinin Azərbaycan Respublikası Prezidentinin həyata keçirməsi məhz Prezidentin bu qanunun tətbiqindən çox ciddi ictimai-siyasi nəticələr gözlədiyinin və buna böyük inam bəslədiyinin bariz göstəricisidir. 

Bu inam və etimada görə Prezidentə bir daha öz dərin minnətdarlığımızı bildirir və əmin etmək istəyirik ki, vətəndaş cəmiyyəti institutları ölkəmizin inkişafı naminə həyata keçirdiyi bütün islahatlarda Cənab Prezidenti dəstəkləyəcək və Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi üçün səy və bacarıqlarını əsirgəməyəcəklər.