“AzDrama” mövsümü açdı

azdrama-movsumu-acdi
Oxunma sayı: 1214

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 143-cü teatr mövsümünü İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanmış "Qarabağnamə" tamaşası ilə açıb.

“Qafqazinfo” xəbər verir ki, teatrın bədii rəhbəri-baş rejissoru, Xalq Artisti Azərpaşa Nemət yeni mövsümün başlanması münasibətilə teatrın kollektivini və tamaşaçıları təbrik edib.

Azərpaşa Nemət qeyd edib ki, bu il teatrsevərləri yeni tamaşalarla, qastrol səfərləri ilə, festivallarla dolu maraqlı bir mövsüm gözləyir.

Sonra "Qarabağnamə" tamaşasında çıxış edən aktyorlar səhnəyə dəvət olunub. Tamaşaçılar aktyorları alqışlarla qarşılayıb.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada Xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, Hacı İsmayılov, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Elşən Cəbrayılov, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Şəhla Əliqızı, Ləman İmanov, Sərdar Rüstəmov, Anar Heybətov, Əminə Babayeva, Rəşad Bəxtiyarov və başqaları çıxış ediblər.

Tamaşa böyük maraqla qarşılanıb.