“Azər özü qalardı, qərarları birgə verərdik…” - Natiq Cəfərli

azer-ozu-qalardi-qerarlari-birge-vererdik
Oxunma sayı: 1804

“17-ci Yasamal dairəsində Real Cümhuriyyətçilər İttifaqının namizədinin Cavad Cavadov olması haqda qərarı biz dekabrın 6-da verdik. Vasif İsmayıl, Fərhad Mehdiyev və Cavad Cavadovla keçirdiyimiz görüşdə kimin hardan gedəcəyini müzakirə edirdik və bu qərara gəldik. Həm Vasif İsmayıl, həm də Fərhad Mehdiyev bunu təsdiqləyə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu REAL-ın icra katibi Natiq Cəfərli keçmiş REAL-çı Azər Qasımlının da eyni dairədən namizəd olması məsələsi ilə bağlı gedən müzakirələrdə deyib. 

O bildirib ki, siyahının tədricən açıqlanması haqda da qərar verilib: “Dedik ki, ilk təqdimatda Vasif İsmayıl və Elçin Haqverdiyev olacaq, sonra hər gün yeni təqdimatlar olacaq.

Toplantıda İlqar Məmmədov ayrıca vurğuladı ki, 23-cü dairədən bizdən kimsə namizəd olub Azər Qasımlıya mane olmayacaq. O görüşdə Erkin Qədirli də iştirak edirdi, amma Erkin bir az tez getdi, görüşü var idi. Cavad Cavadov “17-ci dairə” deyəndə İlqar Məmmədov özü ordan namizədliyini irəli sürmək fikrində olsa da, (o dairədə yaşayır) geri çəkilib onu dəstəklədi.

Razılaşdığımız kimi, dekabrın 11-də ittifaqımızın ilk ictimai təqdimatı oldu. Dekabrın 12-də isə Cavad Cavadovu təqdim etdik. Yəni 1 həftə əvvəl gəldiyimiz razılığı gerçəkləşdirdik.

Xatırladım ki, REAL-ın qərarvermə prosesindən Azər Qasımlı özü özünü kənarda qoyub, yəni onu partiyadan heç kim çıxarmayıb.

Özü qalardı, qərarları birgə verərdik və bu cür rabitəsizlik olmazdı. Xüsusilə də, dediyim kimi, ona mane olmaq niyyətimiz heç olmayıb, hətta əksinə - özümüz ona keçmiş münasibətlər xatirinə yardım göstərməyi düşünürdük. 23-cü dairədə ona imzatoplamada kömək edəcək üzvlərimiz də var, onlarla da danışmışdıq və İlqar bəy dairələri açıqlayanda 23-cü dairə siyahıda yox idi.

Biz ciddi siyasi mübarizədəyik. Daha bir məsələ odur ki, 17-ci dairədən 3 əla namizəd olsa (hörmət etdiyim Bəxtiyar bəy də o dairədən namizəd olmaq istəyir) bütün dairəni seçkiyə kökləməyə imkan artacaq, ən azından o dairəni hakimiyyətin əlindən qoparmağa böyük şans yaranacaq”.

Günel Türksoy