“Azər-Türk Bank”ın idarə edilməsi təkmilləşdirilir

azer-turk-bankin-idare-edilmesi-tekmillesdirilir
Oxunma sayı: 2557

Prezident İlham Əliyev “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Fərmanla “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) nizamnamə kapitalında dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həllində dövlətin adından iştiraketmə hüququ aşağıdakılara həvalə olunur:

- Azərbaycan Respublikasının Prezidentinə:

- Bankın satılması, yenidən təşkili və ləğvi;

- Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə:

- Bankın Müşahidə Şurasının üzvlərinin, o cümlədən onun rəhbərinin vəzifəyə seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

- Bankın icra orqanının rəhbərinin vəzifəyə seçilməsi, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

- müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

- Bankın nizamnamə kapitalının artırılması və azaldılması barədə qərar qəbul edilməsi, səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi;

- Bankın kənar auditorun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyə etdiyi illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul edilməsi;

- Bankın nizamnaməsinin təsdiq edilməsi və onun dəyişdirilməsi;

- Bankın törəmə təsərrüfat cəmiyyətlərinin yaradılması və fəaliyyətlərinə xitam verilməsi, başqa bankın satın alınması barədə qərarlar qəbul edilməsi;

- bu Fərmanın 1.1-ci və 2.2-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və Bankın Nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətinə aid edilmiş digər məsələlərin həll edilməsi.

Müəyyən edilsin ki:

- Bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla, 3 (üç) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

- Bankın Müşahidə Şurasının “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2–24.1.6-cı, 24.1.7-ci (icra orqanının üzvlərinin, o cümlədən onun rəhbər müavinlərinin vəzifəyə seçilməsinə və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə münasibətdə) və 25-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri vardır.

Azərbaycan İnvestisiya Holdinqi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.