Məlum olduğu kimi, bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür. Bu münasibətlə ölkənin milli parklarında “açıq qapı” günü keçirilir. Məqsəd fauna və flora növlərinin müxtəlifliyi barədə ictimaiyyəti məlumatlandırmaq və insanları vəhşi təbiətin mühafizəsinə cəlb etməkdir.
Bu günü təbiət qoynunda keçirmək istəyən hər kəs Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşən, zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımıza səyahət etməyə dəvət edilib.
Bəs ölkənin vəhşi təbiəti necə qorunur? Təbiətin mühafizəsi istiqamətində hansı layihələr reallaşdırılır?
Ornitoloq və ekoloq Elçin Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 18 ildən sonra ilk dəfə Azərbaycanda quş sayğılarının keçirilməsinə başlanılıb. Və bu, bizə milli sərvətimiz olan quşların sayını bilməyə imkan yaradacaq:
“Çünki quşlar bizim təbii sərvətimizdir. O baxımdan bu sayğı bizim üçün çox vacibdir. Bütün digər sərvətlər kimi gərək onların da sayını bilək. Burada iki məqsəd var, birincisi, nadir, azsaylı növləri tapmaq, onların qorunmasını daha səmərəli təşkil etmək, digər tərəfdən isə, ölkədə ov qanunvericiliyi var və buna görə də ölkənin ov sərvətləri hesablanmalıdır. Hansı növün ovuna icazə vermək olar, hansına yox, bu sayğı bizə onu aydınlaşdırmağa da imkan yaradır. Biz sayğı nəticəsində müəyyən etdik ki, ölkəmizdə ümumi quşların sayı 800 mindən yuxarıdır”.
E.Sultanovun sözlərinə görə, yumşaq qışı nəzərə alsaq, bu il quşların sayının ümumilikdə kifayət qədər yüksək olduğunu deyə bilərik:
“Azərbaycan Avropada qışlayan quşların sayına görə 3-4-cü yerdədir. Ən çox Hollandiya və İngiltərədə, ondan sonra isə Türkiyədə qışlayan quşlara rast gəlinir. Növbəti yerdə isə Azərbaycan gəlir. Bu da onunla əlaqədardır ki, Kür-Araz ovalığı, Xəzər sahili unikal yerlərdir. Buralarda çoxlu sututarları, küləkdən qorunan buxtalar var. Həmçinin onlar sualtı çoxlu bitkilərlə zəngindir. Bu sadalananlar isə vəhşi quşlar üçün yem bazasıdır. Bu il qışlamada çoxlu sayda - minlərlə qarabatdaq qeydə alınıb. Qutan, qu quşu isə hava şəraiti ilə bağlı Azərbaycana ötən illərlə müqayisədə az gəlib”.

Mütəxəssis deyib ki, Azərbaycanda ən çox 200 mindən çox qışlayan quş “Qızılağac” qoruğunda qeydə alınıb. Həmçinin bu il Abşeron Milli Parkında 160 min quş qeydə alınıb:
“Adətən biz Abşeron Milli Parkında 30 mindən çox quş qeydə almırdıq. Sevindiricidir ki, bu il Abşeron Milli Parkında toplanan quşların sayı xeyli dərəcədə artıb. Bu milli parkda son 30 ildə birinci dəfədir qeydə alınır. Ələt buxtasında, Pirallahı adasında 50-60 min quş olub. Ağgöldə də 70-80 min quş qışlayıb. Sarısu gölü sevindirici haldır ki, quş ehtiyatlarını bərpa edib. Əvvəllər burada Mil-Muğan kollektorunun çəkilməsilə quşların sayı azalmışdı. İndi isə 55 min quş qeydə alınıb. Beləliklə biz Azərbaycanda bütün su quşlarının quşlama yerlərini əhatə eləyə bildik”.
AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov da Ümumdünya vəhşi təbiət günü ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanın nəsli kəsilmək təhlükəsi olan növlərin bərpasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq, yerli təşkilatlarla birgə layihələr icra olunur. Ötən əsrdə sayı azalan və nəsli kəsilmək üzrə olan bu heyvanların sayı artırılarıb. Hazırda Şirvan Milli Parkında ceyranların sayı 7 minə yaxındır.
Mütəxəssisin sözlərinə görə, artıq nəsli kəsilmiş zubrların da sayının artırılmasına başlanılıb:
“Azərbaycanda zubrların nəsli kəsilmişdi. IDEA İctimai Birliyi, ETSN və Ümumdünya Təbiəti Mühafizə Fondu tərəfindən birgə həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində onlar tarixi areallarına qaytarıldı. Hazırda İsmayıllıda onların sayında artım müşahidə olunur. 2028-ci ilə kimi daha 100 baş zubrun təbiətə buraxılması nəzərdə tutulub”.