“Azərbaycan Avropadan üz döndərsə…”

azerbaycan-avropadan-uz-donderse-
Oxunma sayı: 1027


“Qafqazinfo” xəbər verir ki, bu sözləri politoloq Razi Nurullayev sosial şəbəkədə yazıb. O qeyd edib ki, hətta sanksiyalar tətbiq olunsa, neft ucuzlaşıb barreli bir dollar olsa belə, bu hakimiyyət dəyişikliyi üçün əsas vermir: “Çünki, iqtisadi tənəzzül üzündən çökən və ya hakimiyyətdən gedən avtoritar rejimlər və diktaturalar olmayıb. Əgər belə olsaydı, Kuba çökərdi, Venesuela çökərdi, Türkmənistan, Özbəkistan və ya İran çökərdi, Şimali Koreya çökərdi, uzağa getməyək Belarusiya çökərdi (Sanksiyaalr tətbiq olunan Belarus MDB məkanında ən yüksək iqtisadi göstəricilərə malik olan ölkələrdən biridir). 

Bu məsələ ilə bağlı mövqeyim budur ki, dəyişikliyi xalq edir. Bu o zaman baş verir ki, onun inandığı və etibar etdiyi lider var. Azərbaycanda isə bu, acı da olsa yoxdur. Daha çox siyasi şou yaratmaq meylləri var. Elə xalqla müxalifət arasına sədd çəkən və onları bi-birindən uzaqlaşdıran faktorlardan da biri budur”. 

R. Nurullayev vurğulayıb ki, onun üçün Azərbaycanın inkişaf modeli Qərbə inteqrasiya və Avropa Birliyi ilə daha yaxından əməkdaşlıq etməsidir: “İstək və reallıq isə fərqlidir. Əsas odur ki, xalqda gözlənti yaradıb, sonra ümidlərini bir daha qırmaq lazım deyil. Qarşıda may ayında keçiriləcək Şərq Tərəfdaşlığı Zirvə toplantısı var. Azərbaycan zirvə toplantısına qatılsa da, Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamayacaq. Avropa isə Azərbaycana təzyiq göstərmək niyyətindən də uzaqdır. Çünki, sanksiya tətbiq etmək, təzyiq göstərmək nəticə vermir. Əgər Azərbaycan birtərəfli qaydada Avropadan üz döndərsə, o zaman Putin qazanmış olacaq. Avropa düşünür ki, sanksiya tətbiq etsə və danışıq ritorikasını dəyişsə masa arxasında oturub söhbət etməkdən də məhrum ola bilər. Onun üçün də may zirvə toplantısından ciddi nəticə gözləmək və gözlənti yaratmaq hələ də inanıb liderlər dalınca gedən məzlumların ümidlərini başı üzərinə qaldırıb qayaya çırpmaq kimidir. İnsanların ümidi və hissləri ilə oynamaq və onu dirijor çubuğu ilə idarə etmək cəhdləri onu edənlərə baha başa gələ bilər”.