Azərbaycan beynəlxalq turizm sərgisində - Fotolar

azerbaycan-beynelxalq-turizm-sergisinde
Oxunma sayı: 983

Daşkəndin Mərkəzi Sərgi Sarayında rəsmi açılışı olan "İstirahət dünyası 2016" Daşkənd IV beynəlxalq turizm sərgisinə maraq böyük olub.

"Qafqazinfo" xəbər verir ki, ölkəmizi Beynəlxalq sərgidə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib.

Sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir.
Beynəlxalq sərginin açılış mərasimində çıxış edən "Özbəkturizm" Milli Şirkətinin sədri Fərrux Rizayev Özbəkistanın turizm potensialı, ölkədə inkişaf edən turizm sənayesi haqqında məlumat verib.

O, sərgidə Özbəkistanın bütün regionlarından, xüsusi ilə ilk dəfə olaraq qədim tarixə malik Sırxandərya, Sırdərya əyalətlərinin ekskluziv turizm resurslarının təqdim olunacağını qeyd edib.

Sərginin rəmzi açılış lenti kəsilib, bədii hissədə Özbəkistanın tanınmış sənətçiləri çıxış etmiş, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivi milli rəqslərimizi ifa ediblər.

Builki sərgidə Özbəkistanla yanaşı, Azərbaycan, Malayziya, Türkiyə, Çin, İspaniya, Fransa, Çexiya, Ukrayna, Sinqapur və s. ölkələr öz turizm resurslarını təqdim ediblər.

Daşkənd IV beynəlxalq turizm sərgisinin builki əsas mövzusu tibbi, müalicəvi turizm və bu sahədə təqdim olunan turizm resursları olub.

Sərgidə turizm sahəsi üzrə dünyanın öndə gedən şirkətləri, otelləri öz məhsullarını iştirakçılara nümayiş etdirməklə yanaşı, hazır turpaketlər təqdim edilib.

Azərbaycan sərgisinə böyük maraq olub. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya səviyyəli müalicəvi istirahət məkanları olan Naftalan, Naxçıvan-Duzdağ turizm obyektlərinin təqdimatını həyata keçirib.