“Azərbaycan bu prosesin sürətləndirilməsi üçün əlindən gələni edəcək”

azerbaycan-bu-prosesin-suretlendirilmesi-ucun-elinden-geleni-edecek
Oxunma sayı: 1173

“Biz Cənub Qaz Dəhlizinin komanda üzvləri, o cümlədən hökumətləri ilə fəal dialoqu davam etdirməliyik. Mən Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin - Türkiyənin, Gürcüstanın, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın hökumətlərinə fəal əməkdaşlıq etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.

“Hazırda yeni çağırışların və tələbatların olduğunu nəzərə alaraq, əlbəttə, biz artıq digər potensial istehlakçı ilə danışıqlar prosesindəyik. Lakin bunun üçün yalnız bizim səylər kifayət olmayacaq. Avropada infrastruktura, yeni interkonnektorların tikintisinə yatırımlar olmalıdır və yeni şərtlər üzərində razılıq əldə edilməlidir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident diqqətə çatdırıb ki, Azərbaycan bu prosesin sürətləndirilməsi üçün əlindən gələni edəcək və bu, artıq başlayıb.

Birləşmiş Ştatların və Birləşmiş Krallığın hökumətlərinə də təşəkkürünü bildirən Azərbaycan Prezidenti deyib: “Onlar enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər. Biz həmin böyük dəstəklə bu nəticələrə nail ola bildik. Mən, həmçinin beynəlxalq maliyyə təsisatlarına – Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına, Avropa İnvestisiya Bankına, Asiyanın İnfrastruktur və İnvestisiya Bankına, yəni Cənub Qaz Dəhlizini maliyyələşdirmiş bütün banklara təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, onlar, həmçinin bizim yeni planlarımızın həyata keçirilməsi, xüsusilə də Trans-Adriatik boru kəmərinin genişləndirilməsinə də dəstək verəcəklər. Bunun uçun tələb olunan siyasi iradə və potensial var”.

Prezident sözlərinə belə davam edib: “Biz təbii qazın nəqli ilə bağlı infrastruktur imkanlarımızın potensial tələbatın səviyyəsinə gətirilməsi üçün vaxt itirməməliyik. Burada yalnız TAP deyil, həm də Cənubi Qafqaz boru kəməri sürətli qaydada genişləndirilməlidir və biz bunun üzərində çalışırıq”.

Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlığı qeyd edən dövlət başçısı deyib: “Bu da, “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Biz bununla bağlı Avropa Komissiyası ilə daimi təmasdayıq və cari ilin fevral ayının əvvəlində Bakıda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı və bizim energetika naziri arasında aparılmış müzakirələr nəticəsində Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqunu yaratdıq. Gündəlik olduqca genişdir, buraya neft və qaz kimi ənənəvi sahələr daxildir”.

Prezident İlham Əliyev deyib ki, bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də gündəmdədir: “Hesab edirəm, geniş spektrli mövzular və bu məsələlərdə fəal əməkdaşlıq bizə imkan verəcək ki, ixrac üçün daha çox qaz həcmlərimiz olsun”.

Onun sözlərinə görə, Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir: “Nəhəng potensial və təcrübə mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib”.

Bu il dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, hazırda ümumi istehsal gücü 470 meqavat olan günəş və külək elektrik stansiyaları inşa edilir. “Gələn il bu iki stansiya istifadəyə veriləcək və bu yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

Azərbaycan Prezidenti çıxışında Xəzər dənizinin və işğaldan azad edilmiş ərazilərin bərpaolunan enerji potensialından da danışıb. Qeyd edib ki, hesablamalara görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat, Kəlbəcər və Laçının potensialı isə 9-10 min meqavat təşkil edir.

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir: “Bu potensialdan da maksimum dərəcədə istifadə olun bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib, Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməyib”.

İlham Əliyev hesab edir ki, bu gün artıq onlar fikirlərini dəyişiblər: “Çünki hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var – müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq”.