“Azərbaycanın Avropa dövlətləri ilə ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişaf etdirilməsi xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanın Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərlə əməkdaşlığının hazırkı inkişaf səviyyəsi göz önündədir. Ölkəmizin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi, uğurlu enerji diplomatiyası beynəlxalq səviyyədə dəstəklənir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat deyib ki, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi günümüzün əsas çağırışıdır:
“Azərbaycan öncə regional çərçivədə əlaqələrin qurulmasına maraq göstərsə də, illər keçdikcə bu əməkdaşlıq beynəlxalq səviyyəyə yüksəldi. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi 2020-ci ilin sonlarında tam tərkibdə istifadəyə verildi. Dövlət başçısı İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə bu ölkəyə rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirməsi, iki ölkə arasında əlaqələrin gələcək inkişafında möhkəm hüquqi bazaya çevrilən sənədlərin imzalanması, Prezidentlərin mətbuata bəyanatlarında səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməz olduğunu, enerji diplomatiyasının nümunəviliyini bir daha təsdiqlədi. Cənab İlham Əliyevin sözügedən səfəri dövlət başçısı kimi Macarıstana dördüncü səfəri idi. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması kimi xarakterizə edilir”.
Onun sözlərinə görə, səfərdə məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Son xəbərlər
Son Xəbərlər