“Azərbaycan bütün öhdəliklərinə sadiqdir” - Deputat

azerbaycan-butun-ohdeliklerine-sadiqdir
Oxunma sayı: 712

“2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev bu məqsədə nail olmaq üçün regionların malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin zəruriliyini bildirdi. Regional inkişaf proqramlarının uğurlu icrası həm bölgələrin inkişafında, həm də sosial-iqtisadi göstəricilərdə özünün aydın ifadəsini tapır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin görülən işlərlə yaxından tanış olmaq məqsədilə bölgələrə hər səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalır. Dövlət başçısı avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də bu kimi məqamlara diqqət yönəldərək bildirib ki, bütün bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət alıb: “Həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Təbii ki, hər yeni sosial obyektin istifadəyə verilməsi yeni iş yeri deməkdir. Prezident İlham Əliyev iş yerlərinin açılmasını daimi proses kimi qarşıya qoyub. Bu hədəf belə əsaslandırılır ki, əhalinin sayı artır, yeni iş yerlərinin açılması vacib amillərdəndir. Ölkə Prezidenti İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin, Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etdi, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri, “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış oldu. Hər bir bölgənin turizm və kənd təsərrüfatı imkanları önə çəkilərək görüləcək işlər, hədəflər diqqətə çatdırıldı. Nəzərə alsaq ki, hazırkı dövrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi daha prioritet məsələdir, bu halda hədəf aydındır.”

M. Həsənov qeyd edib ki, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi və yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin müəyyən edilməsi ilə bu istiqamətdə işlər keyfiyyətcə yeni mərhələyə daxil olub: “Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar yaradılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları əsasında bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilir. Kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir. Hazırkı dövrdə dünyada müşahidə olunan bahalaşma fonunda Azərbaycan idxaldan asılılığı azaltmaq, 100 faiz əsas ərzaq məhsulları ilə özünü təmin etmək üçün strategiya həyata keçirir. Taxıl qıtlığı və bahalığı şəraitində Azərbaycanın atdığı qabaqlayıcı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev müsahibədə bildirib ki, biz real həyatda yaşayırıq. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Artıq azad edilmiş torpaqlarımızda əkin işləri aparılıb. Bu inam ifadə edildi ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində böyük kömək göstərəcək”.

Deputat qeyd edib ki, Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarından hərbi təyinatla istifadəsi nəticəsində kənd təsərrüfatına, maldarlığa, bitkiçiliyə vurulan zərbələrin aradan qaldırılması üçün aparılan işlərdən, uzun illər istifadəsiz, susuz qalmış torpaqların canlandırılmasından geniş bəhs edən Prezident İlham Əliyev diqqəti, eyni zamanda, “Qisas” əməliyyatına yönəltdi. Bildirdi ki, “Qisas” əməliyyatı qısa müddətli, amma çox təsirli cəza tədbiri olaraq “dəmir yumruğ”un yerində olduğunu təsdiqlədi: “Bu əməliyyat bir daha Ermənistana belə bir mesajları ünvanladı ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər. Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa əsaslanır. Heç bir qüvvə ölkəmizin siyasi iradəsinə təsir etmək imkanında deyil. Təbii ki, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan bu halda daha da peşman olacaq, daha da gur səslə imdad diləyəcək. Bu mühüm çağırış da bəyan edildi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar oradan çıxmalıdır. Səbrimizi sınağa çəkməsinlər”.

M.Həsənov İkinci Qarabağ müharibəsindən ötən iki ilə yaxın dövr ərzində Azərbaycanın dünya birliyində atan rolundan, Qarabağda yaşayan ermənilərin düşüncələrində baş verən dəyişikliklərdən, Ermənistan hakimiyyətinin onlara təsir imkanlarını itirməsindən bəhs edib: “Şüurda, yaşam fəlsəfəsində baş verən dəyişikliklər göz önündədir. Qarabağda yaşayan ermənilər görürlər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər. Bütün bunlar düzgün həyata keçirilən, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin nəticəsidir. Azərbaycan qalib ölkə olaraq diktə edən tərəfdir. Ermənistanın reallıqları qəbul etməkdən başqa yolu yoxdur. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqlarından və təhlükəsizliyindən gedir ki, Azərbaycan dövləti bunları təmin edəcək. Qarabağda yaşayan ermənilər düzgün addım atmalı və başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil”.