“Azərbaycan cəmiyyəti elə təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən...”

azerbaycan-cemiyyeti-ele-teqdim-olunur-ki-baxdiqca-xecalet-cekirsen
Oxunma sayı: 3072

“Rasim Balayev bir az yaşa doldu və mənim fikrimcə, öz böyüklüyünü istedadını, simasını itirmədi. Necə ki uzun illər Azərbaycanda standart olaraq çox əzəmətli insanlar - Ələsgər Ələkbərovu, Fuad Poladovu götürək, bu siyahını çox uzatmaq olar. O, standart idi. O standart deyəsən bir az itir, cılızlaşır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Xalq artisti, rejissor Oktay Mirqasım Kino Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Nizami kinoteatrının ekranlarına bizim xalqa, milli mövqeyimizə yaraşmayan filmlər və filmlərin içində qəribə simalar gəlir: “Bir deyim var, “desəm öldürərlər, deməsəm ölləm”. Mən nədənsə onu xatırlayıram. Kimsə deyə bilər ki, Oktay yaşa dolduqca, öz bütövlüyünü itirib və yaxud nədənsə gənclərə yaxşı münasibət bəsləmir. Mənim tələbələrimdən soruşun, onlar deyərlər. İstərdim, bəzi sıradan çıxan şeylər, praktikada uğursuz əvəz olunan şeylər bərpa olunsun. Məktəbimizi itirməyək. İstərdim böyük qəhrəman və böyük vətəndaş Heydər Əliyevin adından başlayım. Təbii ki, Heydər Əliyev Azərbaycan Kinematoqrafiyasına atalıq edirdi. Şübhəsiz ki, bu deyim yerinə düşür. Biz bilirik ki, o, kinematoqrafiyaya nə qədər fikir verirdi. Hər ehtimala qarşı, bunu unutmayaq. Bu, yaxşı tövsiyələr idi. Universal və əbədi dəyərlər var. Ulu öndər hər sahəyə o qədər əhatəli baxırdı ki...”

O. Mirqasım əlavə edib ki, hazırda bayağı, primitiv filmlər göstərilir: “Bəzilərində Azərbaycan cəmiyyəti elə təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən. Üstəlik, qəzəb qorxu... İstəmirəm bu filmlərə yer verilsin. Sonra salondan çıxıb düşünürsən ki, bu ki xəyanətdir. Bu şəhidlərə, ağsaqqallara olan xəyanətdir.

Abırsızlıq haqda danışmaq istərdim. Xanımlar desin, bu haqda danışım? Abırsızlıq artıq adiləşmiş keyfiyyətə çevrilib. Türkçülüyün rəmzi canavardır. Baxın, nə deyirəm. Canavar çox abırlı məxluqdur, bunu hər kəs bilir. Kimsə onun dişisi ilə intim əlaqəsini görməyib. Eləcə də dəvə. Əgər kimsə bu prosesə baxırsa, o insanı qovur. Biz insanlarıq. Bu salonda bir nəfər oturub, bunu o deyib mənə. Elə bir informasiya var ki, bu tipdə olan filmlərimizi ermənilər Qərbdə yayır, xalqımızın nə dərəcədə “vəhşi” olduğu yalanını deyirlər. Olmaz, Azərbaycan çox böyük yer deyil. Baxanlar var, sən nə edirsən. Halal bir şey deyil. Bir gün faciə baş verə bilər. Sağ olun ki, sözümü kəsmədiniz”.

Hüseyn Məmmədsalahov