Azərbaycan diasporu Ermənistanın məkrli niyyətini pisləyir

azerbaycan-diasporu-ermenistanin-mekrli-niyyetini-pisleyir
Oxunma sayı: 1153

Mərkəzi Asiya ölkələrində yaşayan onlarla soydaşımız iyulun 14-də  Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi videokonfransa qatılıb və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisində törətdiyi təxribata münasibət bildiriblər. Bu barədə “Qafqazinfo”ya Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Komitənin sədri Fuad Muradov soydaşlarımıza ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində işğalçı Ermənistanın silahlı qüvvələrinin törətdikləri hərbi təxribatla bağlı geniş məlumat verib. Qeyd olunub ki, Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb. Ermənistan tərəfi qəflətən artilleriya qurğularından istifadə edib və nəticədə Azərbaycan hərbçiləri şəhid olublar. Daha sonra Azərbaycan ordusunun cavab atəşi nəticəsində düşmən də itkilər verib.

Videokonfransda hadisələr zamanı qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Sonra Dövlət Komitəsinin sədri COVID-19 pandemiyası dövründə görülən işlərdən, Mərkəzi Asiya ölkələrində müvəqqəti çətinliklərlə üzləşmiş soydaşlarımıza göstərilən maddi və mənəvi dəstəkdən, aztəminatlı soydaşlarımızın qarşılaşdıqları problemlərlə hər zaman maraqlanaraq, onların həlli istiqamətində atılan addımlardan danışıb. Bu mərhələdə Koordinasiya Şuralarının və soydaşlarımızım sığınacaq yerlərinə çevrilmiş Azərbaycan Evlərinin fasiləsiz olaraq 24 saat ərzində fəaliyyət göstərdikləri, diaspor təşkilatlarının Azərbaycan Səfirlikləri ilə əlaqəli şəkildə çalışdıqları nəzərə çatdırılıb.

Komitə sədri xaricdə yaşayan soydaşlarımız üçün nəşr olunan "Azərbaycan dili" dərsliyini nümayiş etdirib və Mərkəzi Asiya ölkələrinə bu dərsliklərin göndəriləcəyini deyib.