Azərbaycan dilinin punktuasiyasına aid kitab çap olundu - Foto

Azərbaycan dilinin punktuasiyasına aid kitab çap olundu
Oxunma sayı: 2123

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının qərarına əsasən Nabatəli Qulamoğlunun (Pələngov) “Müasir Azərbaycan dili punktuasiyasının bəzi problemləri” kitabı çapdan çıxıb.

“Qafqazinfo” “Azərtac”a istinadən xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyanın redaktoru professor Qəzənfər Kazımov, rəyçiləri professorlar Qara Məşədiyev, İsmayıl Kazımov və İsmayıl Məmmədlidir.

“Müasir Azərbaycan dili punktuasiyasının bəzi problemləri” monoqrafiyası ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulub. Dərs vəsaitinin özəlliyi ondadır ki, müəllif təqdim etdiyi qrammatik ümumiləşdirmələrin geniş məntiqi izahını verib. Nəşrdə durğu işarələri və punktuasiya arasındakı fərqlərə, “orfoqrafik işarələr” və “durğu işarələri” anlayışlarının izahı ilə bağlı yanlış yanaşmalara aydınlıq gətirilib. Həmçinin punktuasiyanın prinsipləri nümunələr əsasında şərh edilib, mürəkkəb konstruksiyalı cümlələrdə durğu işarələrindən istifadənin bir çox hallarda fakültativ xarakter daşıması diqqətə çatdırılıb. Əsərdə ilk dəfə göstərilib ki, nöqtəli vergülün ayırdığı qrupun tərkib hissəsi bir komponentdən də ibarət ola bilər. Bundan əlavə, mürəkkəb cümlələrin fərqli intonasiya ilə söylənən komponentlərinin bir-birindən tire vasitəsilə ayrılmasının vacib olduğuna dair əsaslar gətirilib. Bundan ötrü Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirdən bədii nümunələr verilib.

Müəllif yazır ki, punktuasiya dilçilikdə xüsusi əhəmiyyət kəsb edən sahədir. Təəssüf ki, bu cür vacib sahəyə lazımi qədər diqqət yetirilməmişdir. Qırx ildən çoxdur ki, bu barədə geniş tədqiqat işi aparılmır. İndiyə kimi mövcud olan tədqiqat işləri isə ciddi nöqsanlarla müşahidə edilir. Ən başlıcası, bir çox dilçi alimlərimiz hələ də “punktuasiya” və “durğu işarələri” anlayışlarını eyniləşdirməkdə davam edirlər. Bundan başqa, müvafiq sahədə aparılan elmi işlər bədii ədəbiyyatdan gətirilmiş nümunələrə əsaslanır, halbuki nümunələrin bir çoxu punktuasiya qaydalarına ziddir. Məhz bunun nəticəsidir ki, qəbul imtahanı zamanı durğu işarələrinə dair verilmiş test tapşırıqlarında tez-tez nöqsanlar aşkar edilir. Hətta punktuasiyanın əsas dayağı olan elmi üslubda belə qaydalar kobudcasına pozulur.

Bu baxımdan “Müasir Azərbaycan dili punktuasiyasının bəzi problemləri” monoqrafiyası müəllimlər, qəzet redaktorları, jurnalistlər və nitq mədəniyyəti ilə məşğul olan digər şəxslər üçün çox gərəklidir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi