Azərbaycan Dünya Bankı ilə 65 milyonluq kredit müqaviləsi bağladı

azerbaycan-dunya-banki-ile-65-milyonluq-kredit-muqavilesi-bagladi
Oxunma sayı: 2030

Oktyabrın 27-də Azərbaycan Hökuməti ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi” üzrə kredit ayrılmasına dair müqavilə imzalanıb.

"Qafqazinfo" xəbər verir ki, 65 milyon ABŞ dolları məbləğində olan kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və Dünya Bankı tərəfindən Azərbaycan üzrə ölkə meneceri Sara Maykl imzalayıb.

Cəlb olunan kredit Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yoluna alternativ olan mövcud Yenikənd-Biləsuvar hissəsinin ikinci texniki dərəcəyə uyğun olaraq yenidən tikilməsi, yolun səmərəliliyi, təhlükəsizliyi, yeni yol xidmətlərinin keyfiyyətinin artırılması, yol ətrafında logistika və bazar infrastrukturunu idarə etmək üçün modelin yaradılması və digər texniki yardımların təmin edilməsi işlərinə yönəldiləcək.

Layihənin həyata keçirilməsi ilə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısı təmin ediləcək və bazara çıxışı yaxşılaşdırılacaq. Bu marşrut boyunca yaşayan insanlar təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcəklər.