Azərbaycan Ermənistandan üstün oldu

azerbaycan-ermenistandan-ustun-oldu
Oxunma sayı: 928

Azərbaycan “Web of Science®” bazasına daxil olan elmi məqalələrin sayına görə Cənubi Qafqazın lideri olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı ilə "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq çərçivəsində tarixi uğur əldə olunub.

Belə ki, qeyd olunan şirkətin “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib. Bu günə olan məlumata əsasən, “Web of Science®” elmi bazasında 2018-ci ildə Azərbaycan üzrə 1274 elmi tədqiqat işi qeydə alınıb.

Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığa 2015-ci ildə start verilib. Qarşıya qoyulan əsas hədəf ali təhsilin məzmununda elmi fəaliyyətin dəstəklənməsindən ibarətdir. Eyni zamanda professor-müəllim heyətinin, tədqiqatçıların və təhsilalanların dünyanın yüksək reytinqli elmi jurnalları, konfrans materialları və monoqrafiyaları barədə elmi məlumatlara çıxışının təmin olunması, nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması, alimlərimizin imic və reputasiyasının gücləndirilməsi və ən əsası, Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin yüksəldilməsi qarşıya məqsəd qoyulub.

Əldə olunan uğurlu nəticələr nəzərə alınmaqla 2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Hazırda ölkəmizin 40 ali təhsil müəssisəsinin “Web of Science®” elmi platformasına çıxışı təmin olunub. Alimlərimizin elmi bazanın imkanlarından daha aktiv faydalanması üçün bu vaxta qədər Bakı, Gəncə və Naxçıvan şəhərlərində ümumilikdə 2300 nəfərin iştirakı ilə 70-ə yaxın təlim və sertifikasiya proqramı təşkil edilib.