“Azərbaycan Fələstin münaqişəsinin “iki dövlət”li həllini dəstəkləyir”

azerbaycan-felestin-munaqisesinin-iki-dovletli-hellini-destekleyir
Oxunma sayı: 1256

“Coğrafiyamızın bir çox yerində, xüsusən də İraq, Suriya, Yəmən, Liviya, Əfqanıstanda davam edən silahlı münaqişələr və terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əbu-Dabidə keçirilən 46-cı sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan təşkilatın kollektiv yanaşması və birgə strategiyasına sadiq qalaraq, üzvü olduğu müxtəlif İƏT Təmas Qrupları, o cümlədən Fələstin, Cəmmu və Kəşmir, Somali və Avropada müsəlman azlıqları, vasitəsilə münaqişələrin sülh yolu ilə həlli istiqamətində üzv dövlətlərlə işləməyə davam edəcək:

“Bu baxımdan biz bütün üzv dövlətləri kollektiv yanaşma və İslam həmrəyliyi prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməməyə çağırırıq.

İƏT-in mövcudluğunun ana xəttini təşkil edən Fələstin məsələsi belə bir kollektiv yanaşma tələb edən məsələdir. Azərbaycan bu məsələnin ədalətli və dayanıqlı həlli üçün tam həmrəyliyini və davamlı dəstəyini bir daha təsdiq edir və Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla “iki dövlət” prinsipinə əsasən həllini dəstəkləyir”.

Nazir sözlərinə əlavə edib ki, bu məqsədə sadiq qalan Azərbaycan Fələstin hökumətini onun beynəlxalq aləmdə siyasi və hüquqi statusunu, eləcə də BMT-nin tamhüquqlu üzvlüyünü əldə etmək hüququnu möhkəmləndirəcək “G77 və Çin qrupu”nda rəsmi sədrliyə başlaması münasibətilə təbrik edir.

“Ötən il Azərbaycan Qoşulmama Hərəkatının 18-ci Aralıq Nazirlər Toplantısı çərçivəsində Fələstinə dair Qoşulmama Hərəkatının Nazirlər Komitəsinə ev sahibliyi edib. Bakı Yekun Bəyannaməsi Fələstində zorakılığın tamamilə dayandırılması üçün ciddi kollektiv səylərə çağırışı bir daha bəyan etdi. 2018-ci ilin noyabrında Azərbaycan Fələstinin Asiyada akkreditə olunmuş Səfirlərinin illik toplantısına ev sahibliyi etdi və bununla Fələstin hökumətinin imkanlarının qurulmasına töhfə verdi. Humanitar istiqamətdə Fələstin xalqına yardıma gəldikdə isə Azərbaycan ötən ilin oktyabr ayında BMT-nın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları ayırıb”.