Azərbaycan güləşinin kürəyi yerdə...

azerbaycan-gulesinin-kureyi-yerde
Oxunma sayı: 5487

Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanın kişilərdən ibarət sərbəst güləş üzrə milli komandasının cəmi 3 idmançısı mübarizə aparacaq. “Qafqazinfo” xəbər verir ki, dünyanın ən nüfuzlu idman yarışında Azərbaycan sərbəst güləşini yalnız Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcək.

Buna səbəb isə Sofiyada keçirilən təsnifat turnirində güləşçilərimizdən heç birinin lisenziya qazana bilməməsidir.

Bu, sərbəst güləş tariximizdə ən pis göstəricidir. 1996-cı ildə ilk dəfə ayrıca qatıldığımız Olimpiya Oyunlarında ölkəmiz sərbəst güləşdə 6, Sidney-2000, London-2012 və Rio-2016 yenə 6, Afina-2004-də 4, Pekin-2008-də isə 7 nəfər sərbəst güləşçi ilə təmsil olunub.

Atlantada Azərbaycana ilk medalı (gümüş) qazandıran Namiq Abdullayev hazırda sərbəst güləş üzrə milli komandamızın baş məşqçisidir. 

Sonuncu Rio Olimpiya Oyunlarında sərbəst güləş millisi 5 medal qazanıb. Həmin vaxt millinin baş məşqçisi Saypulla Absaidov, böyük məşqçisi isə Firdovsi Umudov olub. Tokioda isə maksimum 3 mükafat qazana bilərik, bunun üçün də 100 faizlik nəticə olmalıdır. Amma bu dəfə olimpiadada kəskin rəqabətin gedəcəyini nəzərə alsaq, bu nailiyyətləri qazanacağımız çətin görünür.  

İndiyə qədər sərbəst güləş üzrə millimiz istər Firdovsi Umudovun uzunmüddətli, digər məşqçilərin də rəhbərliyi dövründə daha yaxşı nəticələr göstərib. 

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.