“Azərbaycan Hakimlərinin Forumu mühüm ənənəvi platformaya çevriləcək”

azerbaycan-hakimlerinin-forumu-muhum-enenevi-platformaya-cevrilecek
Oxunma sayı: 2089

“Bu gün 400-dən artıq hakimin, Məhkəmə-Hüquq Şurası üzvlərinin, dəyərli qonaqlarımız və media mənsublarının iştirakı ilə Azərbaycan Hakimlərinin ilk Forumu öz işinə başlayır. Hesab edirəm ki, forum aparılacaq diskussiyalar və faydalı fikir mübadiləsi baxımından əhəmiyyətli olacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin Forumunda çıxışı zamanı deyib. 

O qeyd edib ki, son illər dövlətimiz və xalqımız üçün kifayət qədər uğurlu olub, bir çox əlamətdar hadisələrlə yadda qalıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz düşmən üzərində böyük qələbə qazanaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edib. Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük bərpa quruculuq işləri davam etdirilir, soydaşlarımız öz torpaqlarına qayıdır. Təbii ki, qalib dövlət kimi regionda yeni reallıqlar yaradan ölkəmiz meydana çıxan yeni çağırışların öhdəsindən layiqincə gəlir. Dünyada baş verən mürəkkəb hadisələrə, iqtisadi böhranlara baxmayaraq ölkəmizdə dayanıqlı inkişaf, sabitlik və təhlükəsizlik təmin edilir”. 

Sədr bildirib ki, bütün sahələrdə həyata keçirilən mütərəqqi işlər məhkəmə-hüquq sahəsindən də yan keçməyib: “Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhkəmə hakimiyyətinin nüfuzunun artmasına öz töhfəsini verir.

Bildiyiniz kimi, müasir dövrün qarşılaşdığı yeni çağırışlar ədalət mühakiməsinin təməl prinsiplərininqorunması ilə yanaşı, daim yenilənən yanaşmaların tətbiqini zəruri edir. Bu isə öz növbəsində qanunun aliliyini təmin edəcək mexanizmlərin işlək və səmərəli olmasını, məhkəmələrə etimadın möhkəmləndirilməsini, ədalət mühakiməsinə əlçatanlığın, şəffaflığın, habelə hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsini şərtləndirir. Bununla yanaşı, insan hüquqlarının müdafiəsini təmin edən ən qabaqcıl standartların milli sistemlərə gətirilməsi və ortaya çıxan yeni çağırışlara uyğun çevik məhkəmə siyasətinin formalaşdırmasını tələb edir. Məhz sadalanan bu mühüm prinsiplər ötən dövr ərzində ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının əsasını təşkil edib”. 

İnam Kərimovun sözlərinə görə, bütün uğurlara baxmayaraq, məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, kağızdan azad tam elektron icraata keçidin təmin edilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması xüsusi əhəmiyyət kəsb edir. Göstərilən məsələlərlə yanaşı, hakimlərin sosial təminatlarının yaxşılaşdırılması məsələsi də diqqət mərkəzindədir: “Əminəm ki, Azərbaycan Hakimlərinin Forumu qarşıya qoyulan məqsədlərə çatmaqla, gələcək illərdə ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı məhkəmə sisteminin qarşısında duran vacib məsələlərin müzakirəsi üçün mühüm ənənəvi platformaya çevriləcək”.