“Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və deyə bilərəm ki, bütövlükdə müharibə zamanı gedən informasiya müharibəsində də biz qalib gəldik. Həm ənənəvi informasiya resurslarından istifadə edərək, eyni zamanda, sosial şəbəkələrdən istifadə edərək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev gənclərlə görüşdə sualları cavablandırarkən bildirib.
Dövlət başçısı qeyd edib ki, biz bir daha gördük ki, gənclər arasında Vətənə nə qədər böyük sevgi var:
“Onu da bildirməliyəm ki, təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da bu işlərə qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Heç kim onlara, necə deyərlər, nə göstəriş vermişdi, nə təlimat vermişdi, onlar özləri bu informasiya meydançasında bir əsgərə çevrildilər və Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar.
Bu, təkcə bizim fikrimiz deyil, beynəlxalq təhlilçilər də təəccüblə qeyd edir ki, Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Nə üçün təəccüblə? Çünki həmişə belə oturuşmuş bir fikir var idi ki, erməni lobbisi, erməni təşkilatları hər yerdə fəaldırlar, indi dünyanın aparıcı ölkələrindəki bir çox aparıcı media qurumlarına onlar rəhbərlik edirlər və bu imkandan istifadə edib Azərbaycana qarşı şər-böhtan kampaniyası aparırlar.
Yəni, hər kəs gözləyirdi ki, informasiya məkanında Ermənistan, yəni, necə deyərlər, erməni tezisləri üstünlük təşkil edəcək. Görəndə ki, biz Ermənistanı burada da üstələdik, təəccüb etdilər. Bu, nəyi göstərir? Onu göstərir ki, ilk növbədə tərbiyə, ikinci növbədə bilik, üçüncü növbədə isə müasir texnologiyalara çıxışımız oldu. Sosial şəbəkələrdə üstünlüyü əldə etmək üçün əlbəttə ki, orada paylaşılan məlumat da təsirli olmalıdır, həqiqəti əks etdirməlidir, bütün normal qaydalara uyğun olmalıdır. Çünki Ermənistan da çalışırdı ki, sosial şəbəkələrdə bizimlə mübarizə aparsın, amma onların mübarizəsi müharibədəki mübarizəyə bənzəyirdi - çox alçaqcasına, çox namərdcəsinə.
Onların mübarizə üsulu böhtan, yalan və təhqir idi. Bizimki isə həqiqət və necə deyərlər, ümumi davranış qaydalarına riayət etmək əsasında atılan addımlar idi.
Eyni zamanda, biz həqiqəti deyirdik. Hər gün həm mən öz müraciətlərimdə, həm digər orqanlar həqiqəti deyirdik. Ermənilər isə yalan danışırdılar və bu gün də erməni hərbçiləri və orduda mediaya cavabdehlik daşıyan insanlar da orada artıq lağa qoyulur. Yəni, onların adları yalanın rəmzinə çevrilib.
Adam nə qədər yalan danışa bilər?! Özü də bu, mənasız bir yalan idi. Çünki gec-tez bu yalanın üstü açılacaqdı. Həm Füzulinin azad edilməsi, həm Hadrutun azad edilməsi, Şuşanın azad edilməsi ilə bağlı erməni rəsmi təbliğatı öz işini yalan üzərində qurmuşdu.
Bu da əlbəttə ki, dünya ictimaiyyəti və şəbəkələrdə fəaliyyət göstərən müxtəlif ölkələrdən olan insanlar üçün də hər şeyi göstərirdi və bizə olan hörmət daha da artdı. Ona görə sosial şəbəkələrdəki fəaliyyət, hesab edirəm ki, müharibə dövründə çox uğurlu olub və bütövlükdə indi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün sosial şəbəkələrin çox böyük rolu var.
Çünki bu, bir yenilikdir və biz hər bir yeniliyə hazır olmalıyıq. Biz o məkanda öz mövqelərimizi əldən verə bilmərik, əksinə, orada daha da güclənməliyik və əlbəttə, Azərbaycan haqqında həqiqətləri çatdırmağa hələ ki, ehtiyac var. Çünki birinci ona görə ki, tam dəqiq məlumat hələ də yoxdur, ikinci, Azərbaycan haqqında, Qarabağ məsələsi ilə bağlı bu gün də qəsdən təhrif edilmiş məlumat ötürülür.
Görün, 30 il keçib, ancaq bu günə qədər dünyanın bəzi aparıcı ölkələrində informasiya məkanında ermənilərin nağılları üstünlük təşkil edir. Ona görə yox ki, onlar o nağıllara inanırlar. Ona görə ki, o ölkələrin siyasi maraqlarına cavab verir, yaxud da erməni lobbisinin səslərinə, seçkilərdəki səslərinə ehtiyac var.
Ona görə Azərbaycan dünyada bəlkə nadir ölkələrdəndir ki, müntəzəm olaraq hücuma, informasiya hücumuna, şər-böhtan hücumuna məruz qalır. Çünki təkcə şəbəkələrdə yox, Avropanın, Amerikanın bir çox mətbu orqanlarında Azərbaycan haqqında yayılan yalanların arxasında biz erməni lobbisinin, necə deyərlər, uzun erməni qulaqlarını görürük. Yəni, yazıların 90 faizi ermənilər tərəfindən təşkil edilib.
Onlar başqa adlar altında gizlənirlər, pərdələnirlər, amma biz bilirik, bu, hansı mənbədən qaynaqlanır və biz buna hazır olmalıyıq. Çünki müharibə başa çatdı, mən demişəm ki, biz üçüncü müharibə istəmirik. Əgər özümüz üçün təhdid görməsək, biz hər hansı bir addım atmaq fikrində deyilik, ancaq informasiya müharibəsi davam edir və bu müharibənin sonu olmayacaq. Bu, bizim seçimimiz deyil, ancaq əgər sənə kimsə hücum edirsə, sən gərək özünü müdafiə edəsən və elə müdafiə edəsən ki, daim qalib gələsən və bütün ilkin şərtlər bizim xeyrimizə işləyir. Çünki həqiqət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir.
Müharibədəki Qələbə ölkəmizə, xalqımıza olan hörməti daha da artırdı. Sadəcə olaraq, fəallıq, düzgün informasiya kanallarının müəyyən edilməsi, müxtəlif istifadəçilərin kateqoriyalarına uyğun olan informasiya həcminin ötürülməsi – bütün bunlar, əlbəttə ki, böyük səriştə tələb edir, məharət tələb edir. Dövlət orqanları da bu sahədə fəal olmalıdırlar və bizim bir çox dövlət qurumlarımız artıq bu imkanlardan istifadə edirlər. Bu, kütləvi xarakter daşımalıdır ki, biz bu yeni informativ məkanda daim öz həqiqətlərimizi çatdıra bilək”.