“Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiyaya başlanılmasının tərəfdarıdır” - Ceyhun Bayramov

azerbaycan-her-hansi-qeyd-sert-olmadan-delimitasiyaya-baslanilmasinin-terefdaridir
Oxunma sayı: 2565

“Cari post-münaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in layihə əsaslı iştirakında maraqlıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi xanım Helqa Şmitlə görüşündə deyib.

Nazir ATƏT-in Baş katibinə hazırda bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycanın atdığı addımlar barəsində məlumat verib.

Nazir, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının iki dövlət arasında münasibətlərin normallaşmasının mühüm elementi kimi nəzərdən keçirildiyini və Azərbaycanın bu prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu bildirib.

Təəssüflə qeyd olunub ki, Ermənistanın bu məsələdə yanaşması, o cümlədən, Ermənistan tərəfindən bu xüsusda nümayiş etdirilən mövqe və delimitasiya prosesinə başlanılmasına dair bir sıra ön şərtlərin irəli sürülməsi qətiyyən məqbul deyil.

Baş katibin diqqətinə çatdırılıb ki, Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır.