“Azərbaycan incəsənəti üçün fəlakət ilidir” - Xalq artisti

“Azərbaycan incəsənəti üçün fəlakət ilidir”
Oxunma sayı: 7245

Xalq artisti Valeh Kərimov koronavirusdan dünyasını dəyişən dostu, həmkarı Ramiz Əzizbəyli haqqında danışıb.

Valeh Kərimov “Qafqazinfo”ya açıqlamasında Ramiz Əzizbəylinin ölümündən kədərləndiyini bildirib: “Azərbaycan incəsənətinin talanan vaxtıdır. Bizim çox böyük sənətkarlarımız dünyasını dəyişdi. Sanki fəlakət bu il Azərbaycan incəsənəti üçündür.

Ramiz Əzizbəyli böyük istedada malik idi. Hərtərəfli insan idi. Rejissor, aktyor, şair, müəllim kimi tanınırdı. Onunla telefon vasitəsilə əlaqə saxlamışdım. Hər dəfə deyirdi ki, yaxşıdır. Özünə təskinlik verirdi ki, sağalacaq. Xəstəxanaya getmək də mümkün deyildi, çünki pandemiya xəstəxanası idi.

Artıq Ramiz getdi, Azərbaycan incəsənəti onu itirdi. 1960-70-ci illərdə yetişən sənətkarlar hamısı bu illərdə getdilər. Onun kinolarını izləyirsiniz, filmlərdə rollarını görürsünüz. Mahnılar da oxuyurdu, “Bəyin oğurlanması” filmində “Aman tello” mahnısını ifa etmişdi. Xaraktercə şən insan idi, danışırdı, gülürdü, lətifə deyirdi. Allah rəhmət etsin”.

***

Əməkdar incəsənət xadimi Cəmil Quliyev “Qafqazinfo”ya açıqlamasında Ramiz Əzizbəylinin vəfatını böyük itki adlandırıb:

“Azərbaycan kinosunun çox istedadlı rejissoru, aktyoru idi. Mən onunla “Mozalan” satirik kino jurnalında Azərbaycan filmlərinin dublyajında işləmişəm.

Bu gün Ramiz müəllim artıq aramızda yoxdur. Bu, çox böyük itkidir. Azərbaycan kinematoqrafiya sahəsi çox böyük sənətkarını itirdi.

Onun yaratdığı filmlər özünəməxsus olması, aktyor yozumu ilə seçilirdi. Azərbaycan kinosunda özünəməxsus duzlu yumoru ilə seçilən rollar yaratmışdı. O, dublyajın mahir ustası idi. Çox istedadlı filmlərdə aktyor kimi də çəkilirdi. Eləcə də satirik kino jurnallarında süjetləri özü çəkirdi. Hansı işi üzərinə götürürdüsə, onu çox istedadla, məharətlə yaradırdı. Bu gün aramızda yoxdur, lakin onun yaratdığı filmlər, obrazlar hər zaman Azərbaycan tamaşaçısının yaddaşında qalacaq. Allah ona rəhmət eləsin”.