Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başladı - Fotolar

azerbaycan-investisiya-ve-medeniyyet-sammiti-oz-isine-basladi
Oxunma sayı: 1636

Oktyabrın 27-də Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb. 

"Qafqazinfo" xəbər verir ki, İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nazirləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startapçılar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib. 

Tədbir İƏT-in ənənələrinə uyğun olaraq, müqəddəs Qurani-Kərimdən ayələrin oxunuşu ilə başlayıb. Sammitin açılışında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İƏT-ə üzv ölkələri ortaq mədəni və dini dəyərlərin birləşdirdiyini, ölkəmizin təşkilatda üzvlüyə böyük önəm verdiyini vurğulayıb. Ötən illər ərzində təşkilat çərçivəsində Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasəti ciddi şəkildə qınanıb, ölkəmizin haqlı mövqeyini müdafiə edən qətnamələr qəbul edilib. 

Nazir ölkəmizdə yaradılmış əlverişli investisiya və biznes mühiti, azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, regional infrastruktur layihələri, Ələt Azad İqtisadi Zonası barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi, regionun sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi istiqamətində genişmiqyaslı işlər görür. Nazir Qarabağ bölgəsinin nəqliyyat-tranzit, bərpa olunan enerji, kənd təsərrüfatı, sənaye, dağ-mədən və digər sahələrdə böyük potensiala malik olduğunu diqqətə çatdırıb, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin sahibkarlarını azad edilmiş ərazilərimizə sərmayə yatırılmasında, bölgənin dirçəldilməsində fəal iştiraka dəvət edib. 

Açılış mərasimində Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu, Dünya Etnosport Konfederasiyasının prezidenti Necmettin Bilal Erdoğan, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönməz, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Mahmut Erol Kılıç, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ICYF-nin prezidenti Taha Ayhan çıxış ediblər. Malayziyanın sabiq baş naziri Mahatir Mohamad isə sammit iştirakçılarına videomüraciət edib. 

Sammitin ilk günü “Qarabağa investisiya qoyuluşu: perspektivlər”, “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar” və “PostCOVİD dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi” mövzularında panel müzakirələr təşkil olunub. 

Tədbir çərçivəsində həmçinin, İƏT ölkələrindən 50 yeni startapın təqdim olunduğu sərgi keçirilir. Sərgidə qida, kənd təsərrüfatı, “yaşıl” iqtisadiyyat, maliyyə texnologiyaları, onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və s. sahələr üzrə startap layihələr təqdim olunur. 

Qeyd edək ki, oktyabrın 28-də “İnvestisiya qərarlarında mədəni ölçü", “Startap layihələrinə investisiya qoyuluşu”, “Davamlı inkişafa nail olmaqda texnoloji investisiyaların rolu” mövzularında panellər təşkil olunacaq, startapların sərgisi davam edəcək. Oktyabrın 29-da isə sammit iştirakçıları Şuşa və Füzuli şəhərlərinə səfər edəcək, Gəncə şəhərində Nizami Gəncəvinin 880 illiyi ilə bağlı mədəni tədbirlərdə iştirak edəcəklər.