“Azərbaycan iqtisadiyyatına xarici sərmayə axınına necə nail olmaq olar?” - Natiq Məmmədov

“Azərbaycan iqtisadiyyatına xarici sərmayə axınına necə nail olmaq olar?”
Oxunma sayı: 1322

36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd Natiq Məmmədov “Azərbaycan iqtisadiyyatına xarici sərmayə axınına necə nail olmaq olar?” adlı məqalə hazırlayıb. Məqalədə xarici investisiyaların zəruriliyi, yeni parlamentin birbaşa xarici sərmayələrin cəlb edilməsindəki rolundan bəhs edilib.

“Qafqazinfo” həmin məqaləni təqdim edir:

Xarici sərmayələr niyə zəruridir?

Hər bir ölkənin biznes və investisiya mühitinin vəziyyəti həmin ölkənin xarici investisiyalar cəlb etmək və kiçik və orta müəssisələri inkişaf etdirmək qabiliyyətini müəyyən edən başlıca amildir. Transmilli müəssisələr sağlam biznes mühitinə malik, yəni xərclərin, gecikmələrin və riskin minimum səviyyədə olduğu ölkələrə investisiya yatırmağı üstün tuturlar. Bundan əlavə, kiçik və orta müəssisələrin inkişaf etmək imkanları müxtəlif vergi və tənzimləmələrlə yüklənməmiş bir mühitdə daha yüksəkdir. Dünya Bankı tərəfindən bu, belə ifadə olunur: “Səmərəli investisiya mühiti hər bir ölkənin öz iqtisadi inkişafına təkan vermək strategiyasının zəruri dayağıdır”.

Hazırda qloballaşan dünyada inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrdə iqtisadi artım və iş yerlərinin yaradılması iki əsas amildən asılıdır: birbaşa xarici investisiyalar (BXİ) və kiçik və orta müəssisələrin (KOM-ların) inkişafı. BXİ inkişaf etməkdə olan ölkələrdə xarici maliyyələşdirmənin ən böyük mənbəyidir. Xarici birbaşa investisiyalar əsas kapitalın formalaşmasını sürətləndirə və tədiyyə balansının optimallaşmasına kömək edə bilər. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf məsələləri üzrə Konfransı (YUNKTAD) belə hesab edir ki, BXİ-nin məşğulluğu inkişaf etdirmək, məhsuldarlığı artırmaq, bacarıq və texnologiyaları ötürmək, ixracı genişləndirmək və dünyanın inkişaf etməkdə olan ölkələrinin uzunmüddətli iqtisadi inkişafına kömək etmək potensialı vardır.

Birbaşa xarici investisiyaların azalması dayanıqlı iqtisadi inkişafın əsas problemdir

2015-ci ildən bəri Azərbaycan iqtisadiyyatının üzləşdiyi əsas çağırışlardan biri də məhz birbaşa xarici investisiyaların azalmasıyla bağlıdır. Xüsusən qeyri-neft sektoruna, istehsal, emal sənayesi və kənd təssərrüfatına birbaşa xarici investisiyaların azalması iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft iqtisadiyyatının davamlı inkişafı, idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması istiqamətində qarşıya qoyulan hədəflərə nail olmaqda əsas maneə kimi qeyd oluna bilər. 2000-2017-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 77.8 mlrd. dollar BXİ-nin 66.8 mlrd. dolları yaxud 85.9%-i neft sektorunda, qalan 19.9 mlrd. dolları (14.1%-i) isə qeyri-neft sahələrində reallaşdırılıb. Ölkənin qeyri-neft sektoruna cəlb edilən BXİ-nin məbləği 2008-ci ildə 500.0 mln dollar, 2012-ci ildə isə 1.0 mlrd. dollar səviyyəsinə çatıb. 2003-2014-cü illər dövründə qeyri-neft sektoruna cəlb edilən BXİ-nin məbləğində tədrici artım müşahidə olunsa da, 2015-2017-ci illərdə kəskin dalğalanma baş verib. Belə ki, bu investisiyaların məbləği əvvəlki illə müqayisədə 2015-ci ildə 34.7% azalıb, 2016-cı ildə 98.3% artıb (1.7 mlrd. dollar səviyyəsinə çatıb), 2017-ci ildə isə yenidən 52.4 faiz (yəni 2 dəfədən çox) azalıb. Azərbaycanın neft sektoruna cəlb edilən BXİ-nin neft sektoru üzrə illik ÜDM-ə nisbəti 2007-ci ilədək hər zaman 20%-in üzərində olub (hətta 2004-cü ildə 150%-i ötüb),

2008-2013-cü illər dövründə 10-20% aralığında dəyişib, 2015-ci ildən sonra isə yenidən 30%-in üzərində qərarlaşıb.

Bundan fərqli olaraq qeyri-neft sektoruna cəlb edilən BXİ-nin qeyri-neft ÜDM-nə nisbəti çox zaman 3%-in altında olub (yalnız bir neçə il 3%-in üstünə çıxa bilib). 2016-cı ildə isə bu göstərici 7.6% səviyyəsinə yüksəlib. 2000-2017-ci illər dövründə ölkənin qeyri-neft sektoruna toplam 10.9 mlrd. ABŞ dolları məbləğində BXİ daxil olub. Bu həmin dövr ərzində ölkənin qeyri-neft sektorunda yaradılmış ümumi ÜDM-in 3.3%-i qədərdir. 2017-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar $5,7 mlrd, 2018-ci ildə $4,1 mlrd təşkil edib. Beləliklə, 2018-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyanın həcmi 28,1% azalıb. 2018-ci il üçün tədiyə balansına görə, bu dövrdə birbaşa xarici investisiyaların 76,5%-i neft-qaz sektorunun payına düşüb. 2018-ci il ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $967,1 mln. (artım 18,9%), xüsusi çəkisi 23,5% təşkil edib. 2019-cu ilin yanvar-noyabr aylarında 2018-сi ilin analoji dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlər 2,8 faiz azalıb.

Birbaşa xarici investisiyaların cəlb edilməsində əsas çətinliklər

Ölkə iqtisadiyyatına, xüsusən qeyri-neft sektoruna birbaşa xarici investisiyaların azalması ilə bağlı çağırışlara cavab verilməsi üçün Azərbaycan hökuməti bir sıra addımlar atıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində 2025-ci ilədək hökumətin qarşısına qoyduğu 4 hədəf indikatorunun birincisi qeyri-neft sektoruna yönəldilmiş investisiyaların qeyri-neft ÜDM-dəki payının 4 faizə çatdırılmasıdır.

2019-cu ildə investisiya cəlbediciliyinin stimullaşdırılması məqsədilə investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi və birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya, “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) və “Azərbaycanda ilk” (“First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər Planı hazırlanıb.

Lakin, bütün bunlara baxmayaraq 2019-cu ildə milli iqtisadiyyata xaricdən birbaşa investisiyaların cəlb edilməsi gözləntiləri doğrultmayıb. Bununla yanaşı, biznes mühitinin dəyərləndirilməsi üçün mötəbər mənbə hesab edilən Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın mövqeyi 2018-ci illə müqayisədə 9 pillə pisləşmiş ölkəmiz 34-ci yerdə qərarlaşmışdır.

Aparılan təhlillər göstərir ki, qeyri-neft sektoruna BXİ cəlb edilməsi baxımından xarici investorlar üçün Azərbaycan iqtisadiyyatında hələlik cəlbedici görünən sahələr əsasən qeyri-ticarət sektorlarıdır (tikinti, anbar təsərrüfatı), istehsal sahələri, xüsusilə emal sənayesi və kənd təssərrüfatı BXİ-nin marağını ciddi şəkildə cəlb edə bilməyib. Bu baxımdan hazırda Azərbaycanda iqtisadi inkişaf prioritetəri sırasında əsas vəzifə kimi birbaşa xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi, ələlxüsus də istehsal və emal sənayesinə yönəldilməsidir. İnvestisiyaların cəlb edilməsi üçün universal plan ola bilməz. Hər bir ölkə öz xüsusi şəraitinə və mühitinə

əsaslanaraq, həmçinin öz ehtiyaclarını və imkanlarını nəzərə alaraq öz strategiyasını işləyib hazırlamalıdır. Bu strategiya sağlam və sabit siyasi, iqtisadi və normativ-hüquqi mühitlə həmahəng olan yaxşı idarəetmə, şəffaflıq, proqnozlaşdırma və iqtisadi açıqlıq kimi amilləri ehtiva edir. Xarici investorlar üçün əlverişli biznes mühitinin həlledici amilləri təhlükəsizlik və əməkdaşlıq, makro-iqtisadi sabitlik, yaxşı idarəetmə və qanunun aliliyi, kifayət qədər institusional və insan amili, mühüm əhəmiyyət kəsb edən yaxşı inkişaf etmiş maliyyə və fiziki infrastrukturlardan ibarətdir.

Təkliflər və İrlandiya nümunəsinin dərsləri

Azərbaycan neft gəlirlərindən istifadə edərək kifayət qədər inkişaf etmiş fiziki struktur yaratmağa nail olub, həmçinin, ölkədə təhlükəsizlik və sabit siyasi mühit təmin edilib, son illər biznes üçün əlverişli mühit yaradılması, “kölgə iqtisadiyyatına” qarşı mübarizədə əhəmiyyətli irəliləyiş əldə edlib. Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkədən biri kimi vurğulanıb. Bütün bu islahatlar kontekstində inhisarçılığa qarşı mübarizə və sağlam rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatın açıqlığının təmin edilməsi, daha intensiv və şəffaf, dürüst özəlləşmə proqramlarının gerçəkləşdirilməsi, idxal və ixrac sahəsində liberallaşma kursunun, korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha qətiyyətlə davam etdirilməsi, iqtisadiyyata dövlət müdaxiləsinin minumuma endirilməsi, istehsal və emal sənayesi, yüngül sənaye, kənd təsərrüfatı sahələri ilə bağlı xarici investisiyaların cəlb edilməsi üçün proqramların qəbulu zəruridir. Bu məsələlərin davamı kimi qanunun aliliyinin təmin edilməsi, məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsinin vacibliyini də vurğulamaq gərəkdir.

Bu baxımdan ötən əsrin sonlarında birbaşa xarici investisiyaların cəlb olunmasında çox böyük tərəqqiyə nail olan və faktiki olaraq numunə yaratmış İrlandiya təcrbəsi faydalı ola bilər. 1980-ci illərin ortalarında İrlandiyada işsizliyin səviyyəsi təxminən iyirmi faizə çatırdı, adambaşına borc göstəricisinə görə isə İrlandiya dünyada birinci yerə çıxmışdı. 1990-cı illərdə İrlandiyada həyata keçirilmiş inanılmaz iqtisadi tranformasiya nəticəsində ölkə Norveç və İsveçrədən sonra üçüncü yeri tutaraq adambaşına gəlir göstəricisinə görə Avropanın ən zəngin ölkələrindən birinə çevrildi. İrlandiya nümunəsində əhəmiyyətli təbii ehtiyatlara malik olmayan bir ölkənin möhtəşəm biznes mühiti yaratmaqla və müdrik siyasətlər tətbiq etməklə necə naliyyətlər əldə edə biləcəyini çox aydın şəkildə görmək olur.

İrlandiya öz biznes mühitini dəyişdirərək biznes sahələrinə aşağıdakı şərtləri təklif edirdi:

• Korporasiyalardan alınan gəlir vergisi üzrə Avropada ən aşağı dərəcə – 12,5%;

• Orta məbləğdə məvacib almağa hazır olan, gənc ixtisaslaşmış işçi qüvvəsinə görə rəqabətədavamlı qiymətlər;

• Hökumətin lazımsız müdaxilələrdən imtinası, əsasən rəqabətə və tənzimləmənin ləğvinə istiqamətlənmiş siyasət;

• İnfrastruktur, o cümlədən bir sıra Avropa və Şimali Amerika ərazilərinə giriş təmin edən güclü beynəlxalq aeroport sistemi, həmçinin yaxşı universitetlər və texnologiya institutları bazası;

• Hökumət, həmkarlar və sənaye sahələri arasında tərəfdaşlıq;

• İnkişafa böyük maraq göstərilməsi və ən uğurlu şirkətləri İrlandiyaya cəlb etmək üçün tədbirlərin görülməsi.

Bir çoxları BXİ artımının səbəbi kimi İrlandiyada vergi dərəcələrinin aşağı olmasını göstərir. Lakin aşağı vergilər biznes cəlbediciliyinə yönəldilmiş çox böyük bir proqramın sadəcə bir elementi idi. Korporasiyaların ödədiyi vergilərin vahid 10% məzənnəsinə qədər azaldılması qərarı İrlandiya hökuməti tərəfindən görülmüş ən səmərəli məşhur tədbirdir. İrlandiyanın rəqabətə davamlılığı təkcə vergi güzəştləri və qiymətlərlə əlaqədar deyildi, həmçinin biliyə, yeniliklərə, elastikliyə və koordinasiyaya – bütün bu amillərin birgə fəaliyyətinə əsaslanırdı.

Aşağı vergi dərəcələrindən əlavə, irland möcüzəsində bir sıra digər əhəmiyyətli amillər də öz rolunu oynamışdır:

• İnsan kapitalının inkişafı. İrlandiya özünün bir qayda olaraq orta və ali təhsil almış işçi qüvvəsinin keyfiyyətini vurğulayır;

• İnfrastrukturda dövlət investisiyalarına dair güclü siyasət. Həmkarlar və sənaye arasında əməkdaşlıq – «sosial tərəfdaşlıq». Həmkarlar ittifaqları hökumətin ümummilli rifah prinsipini dəstəkləməsi müqabilində ədalətli, lakin orta məvaciblərlə razılaşdılar.

• Hədəfli investisiyaların dəstəklənməsi. İrlandiyanın xarici birbaşa investisiyaları dəstəkləməsi də hədəfli bir proses olaraq üç sektor üzərində mərkəzləşmişdi. Birinci sektor İT sənayesi, İkinci əsas sahə əczaçılıq və səhiyyə sənayesi, üçüncü sahə beynəlxalq maliyyə xidmətləri sənayesi.

Aydındır ki, irland möcüzəsi bütün dövlətlərdə təkrarən tətbiq edilə bilməz, lakin söhbət ondan gedir ki, digər inkişaf etməkdə olan ölkələr, həmçinin çox böyük potensiala malik Azərbaycan özünün üstünlüklərindən istifadə etməklə və güclü biznes və investisiya mühiti yaratmaqla BXİ cəlb edilməsində uğurlara imza ata bilər.

Yeni parlamentin rolu – Cəmiyyətdə, investorlarda bu islahatlara etimad yaratmalıdır

36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd olaraq yeni parlamentin əsas vəzifələrindən biri kimi ölkədə biznes mühitinin inkişafı, bu sahədə islahatların qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla genişləndirilməsi, bunlarla paralel ölkədə birbaşa xarici investisiyaların cəlb edilməsi üçün maksimum əlverişli şərtlərin yaradılmasında fəal olmasını vacib hesab edirəm. Bu istiqamətdə işlərin görülməsi ilə əlaqədar yeni parlament təşəbbüskar olmalı, hökuməti sözdə deyil, konkret təkliflər, tövsiyələr, təşəbbüslərlə dəstəkləməli, islahatlara təşviq etməli və cəmiyyətdə, investorlarda bu islahatlara etimad yaratmalıdır.

Qeyd etmək lazımdır ki, son iki ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan islahatlar, həmçinin 2018-ci ildə dövlət başçısı tərəfindən “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalanması xarici investorlarda, sərmayə dairələrində çox böyük maraqla qarşılanıb və müsbət gözləntilər yaradıb. Həmçinin Prezident İlham Əliyevin xarici investisiyalar üçün əlverişli mühtin yaradılmasıyla bağlı tapşırıqları və çağırışları bu istiqamətdə tədbirlərin həyata keçirilməsində güclü siyasi iradədən xəbər verir. Prezidentin, Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinin rəhbərliyi altında yeni iqtisadi komandanın formalaşması islahatlara yeni impuls verib və keyfiyyət dəyişiklikləri gətirib. Yeni parlament bu istiqamətdə səyləri tamamlayan fəaliyyət sərgiləməli və müasir dövrün çağırışlarıyla ayaqlaşmalıdır.

Unutmayaq ki, 21-ci əsrdə davamlı iqtisadi inkişaf və iqitisadi qüdrətin əldə olunması ilə bağlı iki əsas istiqamət – texnoloji inkişaf və birbaşa xarici investisiyalar uğrunda rəqabət əsri kimi xarakterizə olunur. Bu rəqabətdə gerilik ölkəmizin inkişafı, vətəndaşlarımızın rifahı, firavanlığı üçün hədəflərimizə çatmağa əsas əngəl olan amil kimi nəzərdən keçirilməlidir. Güclü iqtisadiyyat firavan vətəndaş deməkdir, güclü iqtisadiyyat üçün isə birbaşa xarici investisiyalar əsas hərəkətverici qüvvədir. Hesab edirəm ki, məhz bu məsələləri xüsusilə vurğulamaq üçün seçdiyim “Güclü iqtisadiyyat, firavan vətəndaş” sloqanı yeni parlamentin də əsas devizlərindən biri olmalıdır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi