Berndə Azərbaycan və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayevin və İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolingerin həmsədrlik etdiyi Birgə komissiyanın iclasında hər iki ölkənin komissiyada təmsil olunan qurumlarının rəsmiləri və özəl sektorun təmsilçiləri iştirak edib.
İclasda çıxış edən Şahin Mustafayev dünyada iqtisadi artım tempinin, ticarət və emal sektorunun zəifləməsinə, qlobal iqtisadiyyatdakı risklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən məqsədyönlü, qlobal çağırışlara cavab verən siyasət nəticəsində yaradılmış siyasi-iqtisadi və maliyyə sabitliyini, ölkəmizin böyük tranzit potensialını, həyata keçirilən iri regional layihələri, əlverişli biznes və investisiya mühitini diqqətə çatdırıb, dəyişkən qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq göstərdiyini, ölkəmizdə kompleks sosial islahatların həyata keçirildiyini vurğulayıb. Makroiqtisadi və maliyyə sabitliyinin qorunması istiqamətində görülmüş işlər nəticəsində 2019-cu ilin 1-ci rübündə Azərbaycanda ÜDM 3%, qeyri-neft ÜDM-i 1,7%, qeyri-neft sənayesi 16,1% artıb. Hesablamalara görə, 2019-cu ildə ÜDM 3,2%, qeyri-neft ÜDM-i isə 3,4% artacaqdır.
Komissiyanın iclasında Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə məlumat verilib, ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişli olduğu diqqətə çatdırılıb.
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyasının prezidenti Jozef Rosenflu imzalayıblar.
Memorandum Azərbaycan və İsveçrənin kiçik və orta biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə ticarət, investisiya, iqtisadi əməkdaşlıq, kiçik və orta biznes sahələrində qarşılıqlı məlumat, həmçinin KOB sektorunda təcrübə mübadiləsini, bu sahədə əlaqələrin inkişafı üçün birgə təşviq tədbirlərinin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı ehtiva edir.



Son xəbərlər
Son Xəbərlər