“Qafqazinfo” xəbər verir ki, birinci turun yekunlarına görə ən yaxşı nəticə göstərən Diplomat komandası mərhələnin qalibi oldu. “Atəşgah” İntellektual Oyunlar Klubu və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə aprel ayının 27-də “Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan Kubokunun birinci mərhələsi keçirilib. Azərbaycan Kubokunun birinci mərhələsində Bakı və Gəncə şəhərlərində təhsil alan tələbə və gənclər iştirak edib.
Sinxron olaraq təşkil olunan oyunda 300-dən çox gəncin iştirak etdiyi bildirilir. “Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan Kubokunun birinci mərhələsinin suallar paketinin redaktoru Fədai Məmmədov idi.
Azərbaycan Kubokunun ikinci mərhələsi iyun ayında keçiriləcək. “Xəzər” İntellektual Gənclər Klubundan verilən məlumata görə Azərbaycan Kubokunun mərhələlərində istənilən intellektual oyunlar klubu, eləcə də komandalar iştirak edə bilər. Bunun üçün sadəcə təşkilat komitəsinə müraciət etmək lazımdır.
Qeyd edək ki, Azərbaycan kuboku 4 mərhələdən və finaldan ibarət olan sinxron turnirdir.