Azərbaycan məşhur festivalda - Fotolar

azerbaycan-meshur-festivalda
Oxunma sayı: 1188

Bəhreyn Kralı Həməd Bin Isa El Xəlifənin rəhbərliyi altında Bəhreyn Krallığının Milli Muzeyində Mədəniyyət və Əntiq Əşyaları Nazirliyinin təşkilatçılığı ilə "Bizim Bəhreynin vokal dalğaları" adlı 24-cü İllik İrs Festivalının açılış mərasimi keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, ənənəvi olaraq hər il keçirilən festivalın əsas məqsədi Bəhreynin qədim adət-ənənələrini özündə əks etdirmək və zəngin irsini qoruyaraq gələcək nəsillərə ötürməkdən ibarətdir.

Festivalda xalq yaradıcılığı fəaliyyəti ilə məşğul olan ustaların əl işləri, dulusçuluq və toxuculuq sənətinə aid eksponatlar, milli mətbəx və içkilər, həmçinin az yaşlı uşaqların yaradıcılıq bacarıqları nümayiş etdirilib.

Tədbirdə Bəhreyn Kralının ailə üzvləri, yüksək səviyyəli dövlət və iş adamları, Bəhreyndə akkreditə olunmuş səfirlər, diplomatik nümayəndəliklər və xaricdən dəvət olunmuş qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycanı Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev və Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İsa Məmmədov təmsil edib.